İrəvan Yurisdiksiya Məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Köçəryanın parlamentin keçmiş sədri və Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyana qarşı iddiasını rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmə araşdırmasına Simonyanın 2025-ci il mayın 19-da jurnalistlərlə keçirdiyi brifinq zamanı səsləndirdiyi fikirlər səbəb olub. Simonyan brifinqdə Köçəryanı “qatil” və “quldur” adlandıraraq, əllərinin qana batdığını deyib. O, sabiq prezidentin Ermənistana varlanmaq üçün yer kimi baxdığını da bildirib.
Köçəryan bu ifadələrin onun şərəf və ləyaqətini ləkələdiyini iddia edərək, məhkəməyə müraciət edib və həmin fikirlərin təkzib olunmasını, həmçinin kompensasiya ödənilməsini tələb edib. Məhkəmə isə yekun qərarında onunla razılaşmayıb.













