“55 il mən də, həyat yoldaşım Elmira xanım da İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışıq. Bizim heç vaxt qrim otağımız olmayıb. Acınacaqlı şəraitdə işləmişik. O küncdə, bu küncdə geyinmişik, qrimlənmişik, səhnəyə çıxmışıq. Bu teatrı yaşatmışıq, can qoymuşuq. Şükür Allaha ki, bu gün teatrın binası var, aktyorların qrim otağı mövcuddur. Bu bizim ən böyük arzumuz idi. Elmira xanım da, mən də bu günləri görmək üçün səbirsizlənirdik”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Vidadi Əliyev deyib.
O daha sonra əlavə edib:
“Yoldaşım da, mən də özümüzü fəda etmişik. Mən həm direktor idim, həm rejissor idim, həm aktyor idim. Cavan-cavan uşaqlar gəlib səhnə qururdular, qura bilmirdilər. Mən onların yerinə fəhləlik də, sürücülük də edirdim. Özümü dağa-daşa salırdım ki, bu teatr yaşasın. Ermənilər elə hey səy göstərirdilər, bəhanə axtarırdılar ki, ad qoyub bu teatrı bağlasınlar. Ermənilər deyirdilər ki, biz İrəvandakı teatrı bərpa ediriksə, siz də Bakının özündə erməni teatrı yaratmalısınız. O da mümkün deyildi.. Biz də plan doldurub teatrı yaşadırdıq.. Amma bununla belə əməyimiz qiymətləndirilmədi.. Təqaüd veriləndə nə mən, nə də ki, Elmira xanım yada düşdü. Bizi unutdular, yaddan çıxartdılar. Biz fədakar sənətkar olmuşuq” deyə Xalq artisti bildirib.







