"Əlisa Nicat deyir ki, “Azərbaycan xalqı yoxdur. Mənim xalqım Azərbaycan xalqı deyil, mənin xalqım Azərbaycan xalqının min nəfəridir”..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə edib: "Baxın, müxtəlif yazıçılar fikirlərini bu cür ifadə edir. Deyirlər, məsələn, mənim oxucum 100 nəfərdir. Mənim xalqım 1000 nəfərdir. Yəni, bunu o mənada deyirlər ki, onu duyan, onu başa düşən xalqın içində 1000 nəfərdir. Kimsə bu şəkildə danışırsa, bu o demək deyil ki, xalqı aşağılayır, yaxud xalqına nifrət edir, öz xalqını sevmir..."
Dostum, Şahbaz bəyin qardaşı Sabir Rüstəxanlınının çoxcildlik əsərlərinin təqdimatında şair bədbin bir ifadə işlətdi: "Nə olsun ki, yazırıq, oxuyan yoxdur". Şair həqiqəti söylədi. Ötən əsrin 80-ci illərinin sonunda Sabir Rüstəmxanlının "Ömür kitabı" 100.000 tirajla satılmışdı. Onda onun xalqı bu rəqəm qədər idi? Bu məntiqlə yanaşsaq, indi Sabir bəyin xalqı neçə nəfərdir? Ramiz Rövşənin, Elçin Əfəndiyevin və başqalarının xalqı neçə nəfərdir? Əlisa Nicatın fikirlərinin hermenevtik təhlilə ehtiyacı yoxdur. Əsl yazıçı və şair öz xalqının cövhəri olmalıdır, xalqını uydurduğu sayla deyil, bütöv olaraq sevməlidir.
Şahbaz bəyin Əlisa Nicatı Cəlil Məmmədquluzadə ilə müqayisə etməsi isə absurddur. Cəlil Məmmədquluzadə heç bir əsərində xalqı təhqir etməyib. Başqa bir nadan isə sırf regionçuluq təəssübkeşliyi nümayiş etdirərək, Əlisa Nicatı Mirzə Ələkbər Sabirlə, Mirzə Fətəli Axundovla müqayisə etmişdi. Görsənir ki, bu dahilərin əsərlərinin fəlsəfi mahiyyəti hələ indiyə qədər dərk olunmayıb. Böyük Kant özünün "Təmiz təfəkkürün tənqidi" əsərində insan idrakının sərhəddlərini tədqiq etmişdir. İdrakımızın sərhədləri məhdud olduğundan mənasız mübahisələrə qoşuluruq. Antinomiyalar üzərində baş sındırırıq..."









