“Həyatda iz qoymaq lazımdır. Bu gün ölən insanların arxasınca danışanların sayı-hesabı yoxdur. Bir insan haqda yaxşı danışmaq istəmirsənsə sus, danışma. Niyə oturub arxasınca pis danışırsan? O adam həyatda yoxdur, durub sənə cavab verməyəcək. Sözünü sağlığında deyərdin.. O sənətkarın övladları, yoldaşı özünü sənin səviyyənə salmayacaq ki, sənə cavab versinlər. Hünərin var idisə sağ olanda üzünə deyərdin”
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Səməd Səmədovun ömür-gün yoldaşı İradə Qasımova deyib.
O daha sonra əlavə edib:
“Səməd də dünyasını dəyişəndən sonra ağzıgöyçəklər oturub verilişlərdə onun haqqında danışdılar. Kim nə istəyirsə danışsın. Səməd elə Səməd idi. Hamıya yaxşılıqlar edirdi, heç kimin pisliyinə danışmırdı. Yeni oxuyanlar meydana gələndə deyirdi ki, “bundan yaxşı müğənni olacaq, filankəs yaxşı ifa edəcək”. Heç vaxt demirdi ki, filankəs sənətə gəldi, yerimizi əlimizdən aldı. Mən indi çox şadam ki, Roza Zərgərli sənətdə yüksək pilləyə qalxıb.. Bilirəm ki, ona nə qədər paxıllıq edənlər var. İmkanları olsaydı ayağından elə dartardılar ki.. Mən ona uğurlar arzu edirəm. Çünki Səməd də belə idi. Səməd dünyasını dəyişəndən sonra bəstəkarımız İmruzə Hüseynova mənə dedi ki, “Ay İradə, ağlama, bax gör Səməd haqda kim bir dənə də olsun pis söz deyir?”. Həqiqətən də hamı ona rəhmət oxuyur. Mən xoşbəxt insanam ki, bu sözləri eşidirəm” deyə sənətkarın xanımı bildirib.







