"Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır:
"Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən seçilməsi fonunda bu ilin sonunadək yekun sülh sazişinin imzalanmasının mümkün olub-olmayacağı maraq doğurur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. O qeyd edib ki, bunun üçün isə Ermənistanda referendum keçirilməlidir:
"Paşinyanın bu referenduma hazır olub-olmadığını söyləmək çətindir. Çünki son açıqlamalarının birində qeyd edib ki, bəlkə də bu məsələ gələn ilə qalacaq. Ola bilsin ki, Rusiyanın təzyiqlərindən və radikal müxalifətin hücumlarından qorxur.
Baxmayaraq ki, parlament seçkilərində qələbə qazanıb, amma parlamentdəki deputatlarının sayı hələ onun referendum qərarı verməsi üçün kifayət etmir. Bizim üçün isə bu problem deyil. Biz artıq məsələmizi həll etmişik, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Sülh quruculuğu prosesi də davam edir.
Əslində, sülh sazişinin imzalanması daha çox Ermənistana lazımdır. Bu il olmasa da, yəqin ki, gələn ilin əvvəlində Paşinyan referendum keçirməyə qərar verəcək".
Politoloq əlavə edib ki, konstitusiya dəyişikliyini indiki parlament tərkibində həyata keçirmək mümkün deyil:
"Buna görə də referendum keçirilməlidir ki, erməni cəmiyyəti bu məsələdə öz qərarını versin. Çünki Azərbaycan Prezidentinin də mövqeyi ondan ibarətdir ki, təkcə Baş nazirin sülh müqaviləsini imzalaması kifayət etmir. Azərbaycan erməni cəmiyyətinin də mövqeyini bilmək istəyir.
Onlar da sülhə razılıq verməlidirlər. Çünki sabah baş nazir dəyişə və hakimiyyətə gələn şəxs "Mən bu nəticələri tanımıram" deyə bilər. Amma bizim üçün bütün hallarda bunun heç bir problemi yoxdur.
Paşinyan seçilsə də, seçilməsə də, müqaviləni imzalasa da, imzalamasa da, əgər Qarabağı Ermənistan ərazisi kimi qəbul etməyə davam etsələr, nəticədə özlərinə problem yaradacaqlar. Bu halda nə Azərbaycan, nə də Türkiyə ilə münasibətləri normallaşdıra biləcəklər".
Elxan Şahinoğlu vurğulayıb ki, referendum keçirilsə, sülh sazişi ilin sonunadək imzalana bilər:
"Paşinyan Rusiyanın təzyiqlərindən və radikal müxalifətdən çəkinməyərək 300 min Ermənistan vətəndaşının imzası ilə referenduma getsə, əlbəttə, məsələ bu il də həll oluna bilər.
Yəni bu, Paşinyandan asılıdır. Bunu ABŞ də istəyir. ABŞ Prezidenti də istərdi ki, yaxın aylarda Azərbaycan və Ermənistan liderləri yenidən Vaşinqtona getsinlər və sülh sazişini imzalasınlar.
Keçən ilin avqustunda bugünlərdə saziş paraflanmışdı. Bunun üçün Paşinyan təcili olaraq referendum qərarı verməlidir. Lakin son açıqlamalarını nəzərə alsaq, məncə, bir neçə ay gözləmə mövqeyində olacağıq".









