Göygöldə yol qəzasında təqsirləndirilən Elmir Yusubovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Elmir Yusubov 01 dekabr 2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus “VAZ-2107” markalı minik avtomobili ilə Göygöl rayonunun Azay Kazımov küçəsi istiqamətində hərəkətdə olub. O, nəqliyyat vasitəsini “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edib.
Sürücü hərəkət zamanı “Yol hərəkəti haqqında” Qanunun təhlükəsiz hərəkətin təmin edilməsini nəzərdə tutan tələblərini pozub. Belə ki, o, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğu halda bu vəzifələri yerinə yetirməyib, avtomobili yolun sağ hissəsinə istiqamətləndirərkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında yerləşən ağaca çırpılıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlərdən ikisi xəsarət alıb, digər sərnişin Bəsti Aslanova isə hadisə yerində həyatını itirib.
Digər sərnişin də qəza nəticəsində ağır kəllə-beyin travması, çoxsaylı qabırğa sınıqları, ağciyər və digər daxili orqan zədələnmələri alıb. Ona göstərilən tibbi yardımlara baxmayaraq, aldığı ağır xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada vəfat edib.
Beləliklə, sürücünün yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini təhlükəsiz idarə etməməsi iki nəfərin ölümünə, iki nəfərin isə müxtəlif bədən xəsarətləri almasına səbəb olan ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir Yusubov 6 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.









