İran və ABŞ arasında iyunun 14-də Pakistanın vasitəçiliyi ilə əldə edilən 14 maddəlik razılaşmanın pozulmasından və 12 iyulda Hörmüz boğazının dəniz nəqliyyatı üçün bağlanmasından sonra bölgədə böhran yenidən dərinləşib.
Tehranda yerləşən Ərəb-İran Araşdırmaları Mərkəzinin rəhbəri, doktor Məhəmməd Saleh Sedqiani Qətərdə “Əl-Cəzirə” televiziyasında çıxışı zamanı İranın yeni müharibə strategiyasını şərh edib.
Ekspert rəsmi Tehranın son addımlarını İranın yeni hərbi doktrinası kimi təqdim edib. İranın ABŞ-yə qarşı hücum siyasəti 8 maddədən ibarətdir.
Birinci maddə İranın hərbi və diplomatik fəaliyyətinin paralel həyata keçirlməsini nəzərdə tutur. Proseslərin son gedişi İranın bütün addımlarının qeyd edilən istiqamətdə atıldığını göstərir.Yəni İran bir tərəfdən, müharibəni davam etdirir, eyni zamanda, danışıqlardan imtina etmir.
Cəbhə xəttində ABŞ-nin mövqelərinə və hərbi bazalarına zərbələr endirilməsi diplomatik müstəvidə qarşı tərəfə diplomatik təzyiq məqsədi daşıyır. Həmçinin, İran sülh danışıqları aparmaqla özünü təcavüzə uğrayan və müdafiə olunan tərəf kimi təqdim etməyə çalışır.
İkincisi, diplomatiya və neft qiymətləri arasında əlaqə. İran neftin qiymətlərinin düşməsini istəmir. Ona görə də hərbi əməliyyatları davam etdirir. Yəni İran dünya bazarında neftin bahalaşmasından ABŞ-də Konqresə seçkilər öncəsi Tramp administrasiyasına təzyiq aləti kimi istifadə edir.
Hörmüz boğazının bağlanması da dünya enerji bazarında bahalaşmaya təkan verir.Tehran hesab edir ki, neftin qiymətinin qalxmasından əziyyət çəkən digər ölkələr müharibəni dayandırmaq üçün ABŞ-yə təzyiq göstərə bilər.
Üçüncüsü, ABŞ-nin raket bazalarını, “Patriot”, “Thaad” kimi vacib hərbi sursatlarını hədəfə almaq. Bununla İran bir tərəfdən öz sərhədləri yaxınlığında ABŞ-nin ballistik raketlərini sıradan çıxartmaq istəyir.
İranın digər məqsədi regionda ABŞ-nin hərbi mövcudluğunu zəiflətməkdir. Hətta rəsmi Tehran ABŞ-nin hücumlara tab gətirməyib hərbi bazalarını bölgədən çıxaracağına inanır.
Dördüncüsü, “Hücum goktrinası”na keçid. Bu, çox əhəmiyyətlidir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əvvəllər bu qədər hücum mövqeyində olmayıb. İndi isə hər cür həmləni öncədən müşahidə edib hücuma keçəcəyini bildirdi.
Bu, İranın indiyə qədər qüvvədə olan hərbi doktrinasından fərqlənir və bütün sahələrdə hücum mövqeyinə çıxmağı nəzərdə tutur. Məhəmməd Saleh Sedqianinin rəyinə görə, bu doktrinaya əsasən müharibənin harada başlayıb, harada bitəcəyinə artıq ABŞ qərar verə bilməyəcək.
Beşincisi, bölgədəki bütün müqavimət cəbhələrinin fəallaşdırılması. Təbii ki, söhbət ilk növbədə, İrana bağlı proksi qüvvələrdən gedir. Bu isə İranın Yaxın Şərqdə proksi qüvvələrə dəstəyi dayandırmaq barədə ABŞ-nin tələbini qəbul etmək niyyətində olmadığını göstərir.
Altıncı, müharibə əhatə dairəsinin və miqyasının genişləndirilməsi. Əvvəllər müharibənin yayılmasından ehtiyat edilirdisə, indi bu, məqsədə çevrilib. İran düşməni öz sərhədlərindən xaricdə qarşılamaq və müharibəni başqa ərazilərə keçirmək üçün münaqişənin coğrafiyasını genişləndirmək taktikasını seçib.
Hörmüz boğazında buna müəyyən qədər nail olmaqla ABŞ-ni nüvə və raket proqramı kimi əsas hədəflərdən yayındıra bilib. Bütün bunların sonunda əsas məqsəd, yəni yeddinci maddə, ABŞ-ni və İsraili müharibə meydanında tamamilə yormaq və zəiflətmək.
İran müharibəni uzatmaqla ABŞ-nin hərbi və iqtisadi resurslarının tükənməsinə çalışır.Bu, ABŞ-nin müharibə bataqlığında ilişib qalmasına çalışan Çin və Rusiyanın da maraqlarına cavab verir.
Ona görə də İsrailin son vaxtlar taktikanı dəyişərək hərbi əməliyyatlardan yayınması çox güman ki, öz potensialını qorumağa xidmət edir. Lakin müharibə uzanarsa, İranın hərbi və maliyyə imkanlarının zəifləməyəcəyini demək olmaz.
Səkkizinci, İranın sahib olduğu güclü raket potensialı. Bu gücün tam potensialı və həcmi dünya tərəfindən kifayət qədər öyrənilməyib. İran bundan sonra özünün çəkindirmə gücünü daha aydın şəkildə nümayiş etdirəcəyini bildirir.
Nəhayət, ABŞ üzərində təyiqləri davam etdirməklə danışıqlar prosesini idarə etmək. Yəni döyüş meydanında ABŞ-ni sıxışdırmaqla yanaşı, diplomatik kanallardan da istifadə etmək.









