Atam rəsmi işlərdə çalışıb. Prezident Aparatında, Səfirlikdə... Ona yaxınları, tanış-bilişi, qohum-əqrabası — hamı təzyiq edirdi ki, bəs sən niyə çalıb çapmırsan. Atama fərsiz kimi baxırdılar. O isə həmişə elə qaldı: rüşvətə görə ərizə yazıb işdən çıxdı, ömrünün sonuna qədər də bizə halal çörək yedirdi.
İstefa verən vəzifəlilər həmişə gülüş hədəfinə çevrilirlər.
Halbuki istefa etmək bir mədəniyyətdir, mədəniyyət nümayişidir. Nədənsə imtina etmək, gözü-könlü tox olmaq insanın ibtidai, saf oyanışıdır. Bu, bir az gəlib çıxır sufizmə, bir az da buddizmə. Arzular nə qədər çox olursa, xoşbəxt olmaq o qədər çətinləşir.
Atam, yazıçı Eyvaz Əlləzoğlunun Gürcüstan səfirliyindəki vəzifəsindən istefa verməsi evdə söz-söhbət yaratmışdı. Hamı onun yüksək vəzifələr tutacağı bir məqamda bu hərəkəti etməsini qınayırdı. Onu ağılsızlıqda günahlandırır və bu addımını dəhşətli bir hadisə kimi şərh edirdilər.
Çünki qohumlar atama pilləkən kimi baxırdılar. Kimsə oğlunu tapşırtdırmaq, kimsə hansısa işini aşırmaq üçün atamdan istifadə etməliydi. İndi belə bir məqamda atam onların ümidini puça çıxartmışdı. İstefa vermişdi və qohumların üzünə açılan qapını bağlamışdı.
Özü də atam o vaxt hamının başını heyiflə buladığı bir səbəbdən istefa vermişdi: müdiri rüşvət alırdı. Atam bu rüşvət hadisəsinə dözə bilməmişdi və istefa ərizəsi yazmışdı. Anam belə onu başa düşməkdə çətinlik çəkirdi.
Əlbəttə, indinin özündə də atamın bu addımı heyratimiz səslənir. Axı niyə başını aşağı salıb işini görmürsən? Sənin nəyinə lazımdı kimsə rüşvət alır? Hamı atama bu sualları verməsə də, üzlərindən bu sualları oxumaq olurdu.
Əslində isə, istefa şəxsiyyətin bioqrafiyasını zənginləşdirir. Məncə, bir insana əldə etdiklərinə görə yox, imtinalarına görə qiymət verilməlidir. Nə qədər çox imtina etmisənsə, nə qədər çox vəzifədən istefa vermisənsə, o qədər çox insansan. Çərçivələrin yoxdur. Azadsan. Heç kimə bağlı deyilsən. Ancaq qınanacaqsan, sənə dəli kimi baxacaqlar.
Bu, bizim reallığımızdır!
Müəllif: Ayxan Ayvaz - Mənbə: "DİA-AZ"






