
Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışında yerli sahibkarların iri ticarət şəbəkələri ilə bağlı narahatlığını dilə gətirib. Onun sözlərinə görə, son dövrlərdə yerli sahibkarlardan məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur.
“Məlumatlara görə, bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır. Problem təkcə ödənişin mövcudluğu deyil. Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır.
Məhdud dövriyyə vəsaiti ilə fəaliyyət göstərən yerli istehsalçı üçün bu, bazara çıxışın faktiki olaraq məhdudlaşdırılması deməkdir. Eyni vəziyyət iri xarici istehsalçılar və idxalçılar üçün xarakterik deyil. Onlar böyük istehsal həcmlərinə, güclü maliyyə imkanlarına, inkişaf etmiş logistika sisteminə və iri marketinq büdcələrinə malik olduqları üçün bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan əlavə, iri istehsal miqyası və daha aşağı maya dəyəri onlara məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir”, - deyə deputat qeyd edib.
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli Musavat.com-a şərhində bildirib ki, bu, daim müzakirə olunan məsələlərdən biridir. O, diqqətə çatdırıb ki, problem məsələnin tənzimləmə mexanizminin olmamasıdır:
“Supermarketlər öz ərazilərində öz şərtlərini diktə etmək səlahiyyətinə malikdirlər. Yəqin ki, müqavilə şərtlərində bu məsələ qeyd olunub. Yeganə nəzarət edilə biləcək nüans belə ödənişlərin müqavilə ilə tənzimlənməsidir. Müəyyən nəzarət mexanizmi də yaratmaq olar”.






