"Dünən Milli Məclis Cinayət Məcəlləsinə (CM) və İnzibati Xətalar Məcəlləsinə (İXM) 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək dəyişiklik edərək sahibkarların xaricə satdıqları mallara görə valyuta vəsaitlərinin 180 gün ərzində Azərbaycana köçürülməməsinə görə pozuntu üzrə sanksiyaları yumşaldıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Xatırladıram ki, hazırda İXM-nin 483-cü maddəsinə əsasən bu əmələ (məbləğ az miqdardadırsa, yəni 20000 manatı ötmürsə) görə sanksiya köçürülməmiş məbləğin 30-50%-ni təşkil edir. Məbləğ 20000 manatdan yuxarıdırsa, bu, artıq cinayətdir və Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən 3-5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Edilmiş dəyişiklilər bunlardır:
1) CM-nin 208-ci maddəsi ləğv olunur, yəni yeni ildən məbləğindən asılı olmayaraq bu əməl yalnız inzibati xəta sayılacaq, cinayət yox (beləliklə də, azadlıqdan məhrum etmə cəzası olmayacaq, yalnız cərimə);
2) İXM-ə əsasən cərimə vəzifəli şəxs üçün köçürülməmiş məbləğin 10-20%-ni, hüquqi şəxs üçün isə 20-30%-ni təşkil edəcək (yəni cərimə məbləği azaldırılacaq);
3) işə baxan məhkəmə qərar verənədək məbləğ köçürülsə şəxs məsuliyyətdən azad ediləcək (hazırda 180 günlük müddət bitibsə, sən ölüm, mən ölüm yoxdur, gömrük orqanı məhkəməyə müraciət edir və bu əsnada pul köçürülürsə də, sahibkarı cərimələyirlər).
Əlbəttə, müsbət yenilikdir. Düzdür, aydın deyil ki, niyə yeni ildən qüvvəyə minəcək (yəqin onadək cərimə planını doldurmaq lazımdır). Ən əsası isə ümumiyyətlə, belə bir əməlin pozuntu hesab olunmasının özü nonsensdir. Bu əməllə sahibkar vergidən yayınırsa və ya çirkli pulların yuyulması ilə məşğuldursa, təbii, aidiyyəti qurumlar məsələni təqib etməli və tədbir görməlidirlər. Amma sahibkara konkret müddət (180 gün) qoymaq və ağına-bozuna baxmadan pul gəlmədisə, onu cərimələmək hüquqi yanaşma deyil. Bəlkə sahibkarın malı satdığı şəxs cığallıq edərək pulu köçürmür? Bəlkə malı satan müflis olub və ya başqa fors-major hal baş verib? Yəni sahibkar həm oradan zərər çəkməlidir (malını satıb, pulunu ala bilmir), həm də dövlətimiz onu pazlamalıdır? Budur sahibkara dəstək?
Yeri gəlmişkən, bu qəbildən olan digər inzibati xəta növü də var – İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il ərzində müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxs həmin məbləğin 10-20%, hüquqi şəxs isə 20-30%-i miqdarında cərimələnir. Göründüyü kimi, buradakı sanksiya elə 483-cü maddədəki yeni sanksiyanın analoqudur. Tam aydın olsun deyə izah edirəm: 430.4-cü maddəyə əsasən sahibkar xaricə valyuta köçürür (burada sanksiya üzrə məhkəməyə müraciət edən Mərkəzi Bankdır), 483-cü maddəyə əsasən isə xaricə mal satır (burada məhkəməyə müraciət edən gömrük orqanıdır). 430.4-cü maddə də eyni ilə əcaib bir şeydir: bəlkə sahibkar köçürdüyü pula görə malı satıcının təqsiri (və ya fors-major) ucbatından gətirə bilmir, axı niyə dövlət onu cərimələyərək ikiqat zərərə məruz qoyur? Eyni ilə vergidən yayınma, çirkli pulların yuyulması faktı varsa, bununla ayrıca icraatda konkret məşğul olmaq lazımdır. Amma avtomatik olaraq sahibkarı cərimələmək heç bir məntiqə sığmır. “Avtomatik” sözünü də təsadüfən işlətmədim. Çünki reallıqda nə Mərkəzi Bank, nə də gömrük orqanı məsələni qətiyyən araşdırmır, sadəcə sənədləri göndərir məhkəməyə ki, tut cərimələ. Sanki inzibati orqan deyil, poçt məntəqəsidirlər! Məhkəmələr də heç bir araşdırma (ən azı sahibkarın təqsirininin olub-olmaması üzrə) aparmadan sahibkarları kütləvi cərimələyirlər. Bir sözlə, büdcəni doldururlar (hakimləri də əslində başa düşürəm, əksini etsələr, onların özlərinə söz gələcək ki, marağın nədir, niyə büdcənin dolmasına mane olursan?!).
Məsələnin gülməli olan tərəfi həm də odur ki, İXM-nin 483-cü maddəsi sanksiya baxımdan 430.4-cü maddə ilə eyniləşdirilsə də, yumşalma baxımdan əksi baş vermədi. Yəni yeni ildən xaricə mal satanın işinə baxan məhkəmə 483-cü maddə üzrə qərar verənədək məbləğ köçürülsə sahibkar məsuliyyətdən azad ediləcək. Amma 430.4-cü maddə üzrə xaricə pul köçürənin malı 2 il ərzində ölkəyə gəlmədisə, yəni müddət bitdisə, sən ölüm, mən ölüm olmayacaq, Mərkəzi Bank məhkəməyə müraciət edəcək və bu əsnada mal gəlsə də və ya pul geri qaytarılsa da, sahibkarı cərimələyəcəklər. Elə indi də cərimələyirlər. Hətta 1 gün gecikmə olubsa belə!
Bilirsiz, bunun səbəbi nədir? Səbəbi odur ki, qanunlarımızı deputatlar qəbul etmir. Etsəydilər, oxşar maddələr arasında fərqləri də aradan qaldırardılar. Layihələri tam olaraq heç Prezident Administrasiyası da tərtib etmir. Etsəydi, orada da uyğunsuzluqlar aradan qaldırılardı. Layihələri hər dövlət qurumu özü hazırlayır və var-güclə bütün instansiyalardan (Nazirlər Kabineti, Prezident Administrasiyası və Milli Məclis) keçirir. Tam pərakəndəlikdir...
Məsələnin iqtisadi tərəfində gəldikdə isə, mən başa düşmürəm ki, bəyan edildiyi kimi, bizim 80 mrld dollardan çox valyuta ehtiyatımız varsa, niyə ölkədən valyutanın çıxmasının qarşını belə anti-hüquqi yollarla almağa çalışırıq? Axı heç bizim qədər ehtiyatı olmayanlar bunu etmir! Hələ xarici valyuta almağa qoyulmuş qeyri-rəsmi illik 20000 manatlıq limiti demirəm. Hər şey yaxşıdırsa, niyə və nədən belə qorxuruq?.."






