Son bir neçə gündə Azərbaycanda yenidən ailə-məişət zəminində baş verən qətllər gündəmi zəbt edib.
Bir qadın həyat yoldaşı tərəfindən öldürülür, başqa bir ailədə uzun sürən münaqişə faciə ilə nəticələnir, digər hadisədə isə ailədaxili münasibətlər insan ölümü ilə yekunlaşır.
Hüquq-mühafizə orqanları hər bir fakt üzrə cinayət işi başlayıb, araşdırmalar aparılır.
Ancaq bu xəbərləri oxuduqca eyni sual yaranır: bu insanların həyatı xilas oluna bilməzdimi?
Azərbaycanda ailə institutunun qorunması, məişət zorakılığının qarşısının alınması, qadın və uşaqların müdafiəsi ilə məşğul olan ayrıca dövlət qurumu var – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. İllərdir bu istiqamətdə dövlət büdcəsindən və müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə layihələr həyata keçirilir, tədbirlər, forumlar, maarifləndirici kampaniyalar təşkil olunur.
Amma ortada acı bir reallıq var: hər il onlarla ailə-məişət zəminində ağır cinayət baş verir və biz yenə eyni xəbərləri oxuyuruq.
Tənqid etmək üçün yox, nəticəyə baxmaq üçün sual vermək lazımdır:
Komitənin fəaliyyətinin effektivliyi necə ölçülür? Hansı göstərici ilə müəyyən edilir ki, görülən işlər nəticə verir? Neçə riskli ailə vaxtında müəyyən edilib? Neçə qadın ölüm təhlükəsindən xilas olunub? Neçə ailə ilə davamlı sosial və psixoloji iş aparılıb? Bu sualların aydın və ictimai hesabatı görünmür.
Komitə, adətən, faciələrdən sonra bəyanatlar verir, görüşlər keçirir, "maarifləndirmə tədbirlərinin artırılacağını" bildirir.
Halbuki cəmiyyət artıq tədbirlərin sayını yox, nəticəsini görmək istəyir. Konfransların, dəyirmi masaların və sosial şəbəkə paylaşımlarının sayı artdıqca ailə-məişət zəminində ölüm xəbərlərinin də azalmaması ciddi düşünməyə əsas verir.
Bir başqa məqam isə Komitənin əməkdaşlıq etdiyi və qrant ayırdığı qeyri-hökumət təşkilatlarıdır.
İllərdir eyni istiqamətdə layihələr həyata keçirilir, müxtəlif hesabatlar hazırlanır, təlimlər təşkil olunur. Ancaq cəmiyyət bu layihələrin real təsirini hiss etmir.
Əgər milyonlarla manatlıq dövlət və donor vəsaiti maarifləndirməyə, sosial layihələrə yönəldilirsə, bunun konkret nəticəsi də olmalıdır. Risk altında olan ailələrin sayı azalıbmı? Zorakılıq halları erkən mərhələdə aşkarlanıbmı?
?İnsanların həyatını xilas edən hansı mexanizmlər formalaşıb?
Heç kim iddia etmir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün cinayətlərin qarşısını ala bilər. Bu, mümkün də deyil. Amma bu qurumun əsas missiyası məhz profilaktikadır. Əgər profilaktika işləmirsə və cəmiyyət ard-arda eyni faciələrlə üzləşirsə, fəaliyyət modeli ciddi şəkildə yenidən qiymətləndirilməlidir.
Çünki hər yeni ailə faciəsindən sonra "araşdırılır", "nəzarətə götürüldü", "tədbirlər görüləcək" kimi ifadələri eşitmək artıq cəmiyyəti qane etmir. Dövlət qurumlarının fəaliyyəti keçirilən tədbirlərlə deyil, xilas edilən insan həyatı ilə ölçülməlidir.
Müəllif: Arifə Əliyeva - Mənbə: "DİA-AZ"






