Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqını beş ildən artıq müddətdə ödəməyən şəxslərin təşkilatdan xaric ediləcəyi ilə bağlı qərarı ədəbi ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.
Qərarın açıqlanmasından sonra üzvlük haqqı borcu olan şəxslərin ödəniş edib-etmədiyi və onlara münasibətdə hansı addımların atılacağı maraq doğurur.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, üzvlük haqqı borcu olan şəxslərin bir qismi artıq ödəniş etməyə başlayıb:
“Üzvlük haqqını artıq yavaş-yavaş ödəyənlər var. Bu proses tədricən davam edir. Hazırda ödəməyən şəxslərlə bağlı hansı tədbirlərin görüləcəyi, eləcə də onların gələcəkdə yenidən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub-olunmayacağı barədə dəqiq qərar yoxdur.
Bu kimi məsələlər Azərbaycan Yazıçılar Birliyi Katibliyinin qərarlarından asılıdır. Həmin şəxslərin yenidən üzvlüyə qəbulu məsələsinə katiblik qərar verə bilər”.
O bildirib ki, hazırda proses nəzarətdə saxlanılır:
“Üzvlük haqqını uzun müddət ödəməyən şəxslərə əvvəlcədən xəbərdarlıq olunmuşdu ki, onlar Azərbaycan Yazıçılar Birliyindən xaric ediləcək. Yəni hazırda bu proses izlənilir və canlanma var.
Hazırda üzvlük haqqını ödəməyənlərin sayı ilə bağlı dəqiq statistik məlumat verə bilmərəm. Çünki bununla maliyyə məsələləri üzrə məsul şəxslər məşğul olur”.
Xəyal Rza əlavə edib ki, üzvlük haqqı borcu olanlar arasında tanınmış və məşhur simalar da var.








