
ABŞ administrasiyası xarici dövlət qulluqçularının ölkədə doğulan uşaqlarına doğuş hüququ əsasında vətəndaşlıq verilməsini məhdudlaşdırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Federal Reyestrdə dərc olunan bildirişində deyilir.
Sənəddə qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən, ölkədə çalışan xarici diplomatların uşaqları doğuşla ABŞ vətəndaşlığı əldə etmirlər, lakin qanuni daimi sakin kimi qeydiyyatdan keçmək hüququna malikdirlər.
Prezident Donald Trampın avqustun 6-da imzaladığı fərmana əsasən, Daxili Təhlükəsizlik Nazirliyi eyni qaydaların valideynlərindən ən azı biri “xarici dövlət qulluqçusu” olan və doğulduğu anda valideynlərindən heç biri ABŞ vətəndaşı olmayan uşaqlara da şamil edilməli olduğunu hesab edir.
Bu kateqoriyaya diplomatlarla yanaşı, xarici ölkələrin səfirlik və konsulluqlarının müxtəlif əməkdaşları, həmçinin bəzi beynəlxalq təşkilatların əməkdaşları daxil edilir.
Qaydaların sentyabrın 4-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, nazirlik hazırda vətəndaşlığın verilməsi prosedurunda dəyişiklik etməyəcək. Buna səbəb Merilend ştatının federal dairə məhkəməsinin sentyabrın 2-də Trampın müvafiq fərmanının icrasını müvəqqəti dayandırmasıdır.


















