Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Azərbaycanın sülh prosesini dərinləşdirmək üçün addımlar atmağa davam etmək üçün praktik istəyini görür. Simonyan bildirib ki, İrəvan və Bakı saxlanılanların və itkin düşmüş şəxslərin taleyi də daxil olmaqla, həll olunmamış məsələlər üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.
"Görürəm ki, Azərbaycan tərəfi sülhə doğru bütün addımları atacaq və hazırda da atır. Bütün bu məsələləri müzakirə etdik və prosesi dərinləşdirməyə davam etmək, hələ həll olunmamış məsələlərin həlli üçün yeni mexanizmlər tətbiq etmək barədə razılığa gəlindi", - Simonyan deyib. Simonyan həmçinin Ermənistan və Azərbaycan cəmiyyətlərinin bir-birinə münasibətində tədricən dəyişikliyin zəruriliyini vurğulayıb. "Biz təkcə Ermənistanda deyil, həm də Azərbaycanda insanların münasibəti baxımından 30 illik mirası dəyişdirə bilməliyik", - deyə o qeyd edərək, iki ölkə arasında nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin artıq baş tutduğunu və bu əlaqələrin davam etməli olduğunu əlavə edib. Azərbaycana mümkün səfərlə bağlı sualı cavablandıran Simonyan Bakıya səfər edəcəyini istisna etməyib.
O xatırladıb ki, bundan əvvəl Dilicanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib. "Mən özümün belə bir səfər edə biləcəyimi istisna etmirəm. Heç bir konkret məlumat və ya vaxt verə bilmərəm", - Simonyan bildirib. Onun sözlərinə görə, daha bir görüşün keçirilməsi barədə razılıq var, lakin konkret tarixlər hələ müəyyən edilməyib.
Simonyan “İrəvan və Bakı saxlanılanların və itkin düşmüş şəxslərin taleyi də daxil olmaqla” dedikdə həbsdəki erməni canilərinin ekstradisiyasını müzakirə etməyi nəzərdə tutubmu? Azərbaycanın onları gələcəkdə təhvil verməsi mümkündürmü?
Deputat Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, Simonyanın davam edən təmaslar, sülh prosesinin dərinləşdirilməsi və saxlanılan şəxslərlə bağlı səsləndirdiyi bəyanat regionda formalaşan yeni siyasi-hüquqi reallıqların, o cümlədən tərəflərin diplomatik ritorikasının təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Deputatın fikrincə, sülh danışıqlarının intensivləşdiyi və institusional mexanizmlərin müzakirə olunduğu bir mərhələdə "saxlanılanlar və itkin düşmüş şəxslər" mövzusunun gündəmə gətirilməsi həm humanitar, həm də strateji-hüquqi aspektləri özündə ehtiva edir.
Onun sözlərinə görə, lakin Ermənistan rəhbərliyinin "bütün saxlanılan şəxslərin taleyi" ifadəsini işlədərkən irəli sürdüyü konyuktur yanaşma ilə Azərbaycanın beynəlxalq və milli hüquqa əsaslanan mövqeyi arasında konseptual fərqlər mövcuddur.
Deputat hesab edir ki, İrəvan rəsmiləri bu cür ümumiləşdirilmiş ifadələrlə həm daxili auditoriyanın siyasi təzyiqlərini neytrallaşdırmağa, həm də beynəlxalq platformalarda məsələni sırf humanitar müstəviyə keçirməyə çalışırlar.
“Bu kontekstdə Ermənistanın "saxlanılanlar" dedikdə, yalnız müharibə dövründə saxlanılan sıravi şəxslər deyil, baxmayaraq ki, Bakıda artıq belə şəxslər yoxdur, həm də məhkəmə qarşısına çıxarılmış, separatizm, terrorçuluq və sülh əleyhinə cinayətlərdə təqsirləndirilən keçmiş qondarma rejimin rəhbərlərini də prosesə daxil etməyə cəhd göstərdiyi aydın görünür. Lakin məsələnin hüquqi təsnifatı baxımından Azərbaycanın mövqeyi tamamilə diferensiasiya olunub. 1949-cu il Cenevrə Konvensiyaları və beynəlxalq humanitar hüquq normalarına əsasən, hərbi əsir statusunun şamil edilmə dairəsi hüquq və beynəlxalq hüquqla aydın müəyyən edilib.
Bakıda saxlanılan keçmiş separatçı rəhbərlər və hərbi cinayətkarlar isə Azərbaycan Respublikasının suveren ərazisində dövlət təhlükəsizliyi əleyhinə ağır cinayətlər, konstitusiya quruluşunu devirməyə cəhd və terrorçuluğun maliyyələşdirilməsi kimi maddələrlə ittiham olunan məhkumlardır. Bu səbəbdən onların "hərbi əsir" kimi qiymətləndirilməsi hüquqi cəhətdən əsassızdır və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə ziddir”,_ deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Bu şəxslərin gələcəkdə Ermənistana təhvil verilməsi və ya ekstradisiya edilməsi ehtimalına gəlincə, deputat qeyd edib ki, həm hüquqi, həm də siyasi baryerlər var: “Hüquqi baxımdan, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cəza çəkmək üçün başqa dövlətə verilməsi 1983-cü il məhkum olunmuş şəxslərin ötürülməsi haqqında Avropa Konvensiyası çərçivəsində dövlətlərin suveren iradəsinə bağlıdır. Milli təhlükəsizliyə, ictimai qaydaya və ədalət mühakiməsinin prinsiplərinə xələl gətirə biləcək hallarda dövlətin bu cür ötürülmədən imtina etmək mütləq hüququ var. Siyasi-strateji müstəvidə isə Azərbaycan dövləti üçün ədalətin bərpası və cəzasızlıq mühitinin aradan qaldırılması fundamental prinsipdir. Suverenlik əleyhinə cinayət törətmiş şəxslərin təhvil verilməsi milli hüquq sistemində mənfi presedent yarada biləcəyi üçün rəsmi Bakı tərəfindən hüquqi və siyasi baxımdan mümkün hesab edilmir”.
Deputat onu da diqqətə çatdırıb ki, Azərbaycan üçün "itkin düşmüş şəxslər" kontekstində əsas prioritet Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması, kütləvi məzarlıqların xəritələrinin verilməsidir: “Danışıqlarda yeni mexanizmlərin tətbiqi və qarşılıqlı səfərlərin istisna edilməməsi tərəflər arasında etimadın qurulması və sülh müqaviləsinin imzalanması istiqamətində müsbət siqnallar olsa da, ağır cinayətlərdə ittiham edilən keçmiş separatçıların ekstradiasiyası və ya azad edilməsi bu prosesin şərti və ya tərkib hissəsi ola bilməz. Heç şübhəsiz ki, İrəvanda da bunu anlayırlar və Ermənistan rəsmilərinin bu cür bəyanatları daha çox daxili siyasi konyunkturanı idarə etməyə xidmət edir, Azərbaycan tərəfinin qətiyyətli hüquqi mövqeyi və suverenlik prinsipləri fonunda isə həbsdəki hərbi-siyasi cinayətkarların təhvil verilməsi real görünmür”.
Musavat.com









