Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Rahim Əsədovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 24 may 2025-ci ildə Lənkəran rayonunda yerləşən liman ərazisində baş verib.
Belə ki, Rahim Əsədov brifinq dispetçeri vəzifəsində işlədiyi limanın dispetçer otağında növbədə olub. Onun həmin bölmədə digər brifinq dispetçeri olan zərərçəkmiş Tahir İsrafilovla (adı, soyadı şərtidir) əvvəllər də zibil qutusuna görə sözlü mübahisələri olub və bu səbəbdən aralarında münasibətlər pozulub.
Hadisə günü Rahim zərərçəkmiş şəxsdən növbəni təhvil almaq üçün otağa gəlib. Təqsirləndirilən şəxs onun otaqdakı zibil qutusunu meyvə və tum qabıqları ilə doldurduğunu, həmçinin döşəməyə zibil atdığını görüb. Rahim buna irad bildirib. Tahir isə həmin iradı qəbul etməyib və bundan sonra aralarında münaqişə yaranıb.
Qarşıdurma şəxsi münasibətlər zəminində baş verib və həmin vaxt iş vaxtı hələ başlamayıb, hava limanının digər işçi heyəti də işdə olmayıb.
Təqsirləndirilən şəxs mübahisə zamanı zərərçəkmiş şəxsin sol göz nahiyəsinə yumruqla zərbə endirib. Zərbənin təsirindən Tahir yerə yıxıldıqdan sonra onun boyun nahiyəsindən əli ilə sıxıb və sol bud nahiyəsinə təpiklə vurub. Daha sonra Rahim otaqdan çıxaraq gözləmə zalına keçib.
Qarşıdurma bununla bitməyib. O, gözləmə zalında zibil qutusu ilə Tahirin sol körpücük nahiyəsinə və sağ əlinə, təpiklə isə sol bazu nahiyəsinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsin müxtəlif bədən nahiyələrində xəsarətlər yaranıb.
Hadisədən sonra Rahim Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Lənkəran Rayon Məhkəməsinin Rahim Əsədov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətləri veriblər. Şirvan Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.
Bununla belə, Lənkəran Rayon Məhkəməsinin hökmü ləğv edilib. Apellyasiya məhkəməsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci hissəsinin 1-ci və 3-cü bəndlərini tətbiq edib. Qərara əsasən, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Həmin qərarla razılaşmayan Rahim Əsədov kassasiya şikayəti verib. Bundan əlavə, kassasiya şikayətinə əlavə də təqdim olunub.









