Xalq artistimiz Səyavuş Aslan bir gün taksidə gedirmiş. Sürücü yol hərəkəti qaydasını pozduğu üçün vəsiqəsinin əlindən alındığını deyir. Aktyor onun sürücülük vəsiqəsinin alınmasına kömək edir. “Bir də yolda qaydanı pozma”, - deyib ömründə ilk dəfə gördüyü, tanımadığı taksi sürücüsünə kömək edir. Beləliklə, sürücünün vəsiqəsini alıb geri qaytarır.
Səyavuş Aslanın toy günü bəy paltarı geyməyə kostyumu yox idi. Şəmsi Bədəlbəyli teatrın kostyum sexindən ona paltar vermişdi. İllər sonra, bir dəfə qastrol zamanı xanımı Ofeliya Aslan “mexli dəri palto görmüşəm, çox xoşuma gəldi”, - deyir. Səyavuş Aslan 1 saat sonra həmin paltonu 1 300 rubla alıb xanımına hədiyyə edir.
“Həyatda mənimki gətirmədi”, - aktyor ömrünün sonlarında deyirdi.
Aktrisa Nahidə Orucova: “Bir çox aktyorların problemləri vardı. Səyavuş onlara deyirdi ki, gedək, problemini həll edim. Həll edirdi də”. Aktrisa Emma Məlikova: “Mənim bəzi problemlərimi həll edib. Mənə o qədər kömək edib ki”.
Aktyor Ramiz Məmmədov: “Bir dəfə dedim Səyavuş, həyatdır, boşanmısınız. Başqa qadınla evlən. Səyavuş ağladı. Dedi Ramiz, mən Ofeliyanı sevmişəm axı. Başqasıyla necə ailə qura bilərəm?”.
Ofeliya Aslan isə bir dəfə aktrisa Nahidə Orucovaya deyir: “Biz Səyavuşdan ayrılmazdıq. Bizi teatrın dedi-qodusu ayırdı”. Aktrisa ölüm yatağında Səyavuş Aslanın əlindən tutub deyir: “Məni bağışla”.
Ofeliya Aslanın ölümündən sonra sarsılan Səyavuş Aslan Novruz Qartalla söhbətində kədərlənir: “Mən bundan sonra neynəyəcəyəm.? Ofeliya mənə həyan idi”. Səyavuş Aslan ömrünün son günlərini saatlarla Ofeliyanın otağındakını fotosuna baxmaqla keçirir.


















