Ajans.az-ın baş redaktoru Tural Müseyibovun sorğusundan sonra, ADY-nin sürət qatarlarında sərnişinlərə təqdim olunan meyvə şirələri ilə bağlı araşdırma davam edir.
Məsələ may ayında Ajans.az-ın Baş Redaktoru Tural Müseyibov ADY-nin biznes klass xidmətindən istifadə edərkən üzərində istehsal və son istifadə müddəti göstərilməyən plastik qabda meyvə şirəsi ilə qarşılaşmasından sonra gündəmə gəlib.
Bununla bağlı PFM Catering şirkətinə və ADY-yə sorğu göndərilsə də, müraciət cavabsız qalıb. Bunun ardınca, ADY rəhbərinə Ajans.az-ın baş redaktoru Tural Müseyibov öz adından rəsmi sorğu ünvanlayıb. Cavab olaraq “bu kommersiya sirridir” deyə bildirilib . ADY digər sualları cavabsız qoyub. Daha sonra məsələ ilə bağlı AQTA-ya rəsmi sorğu ünvanlanıb.
Buna baxmayaraq AQTA-dan bildirilib ki, "göndərdiyiniz sorğu anonimdir, müarciətinizdə ad, soyad, yaşadığınız ünvanı qeyd etməlisiniz". Bütün bunlardan sonra Tural Müseyibov məsələ ilə bağlı video çəkərək müraciət edib. Daha sonra AQTA Ajans.az-ın sorğusuna cavab olaraq sərnişinlərin qatarlarda qida təminatını təşkil edən şirkətlərdə araşdırmalar aparıldığını bildirib. Qurum araşdırmalar başa çatdıqdan sonra nəticələrlə bağlı əlavə məlumat veriləcəyini açıqlayıb.
Araşdırma zamanı Ajans.az-a məlum olub ki, şirkətin borcu 211 mindən artaraq 214 min 832 manat olub.
Digər diqqətçəkən məqam isə şirkətin fəaliyyətinə AQTA tərəfindən rəsmi sertifikat verilib-verilməməsi ilə bağlıdır.
Belə ki, PFM Catering 2023-cü ildən ADY-də qida xidməti göstərir. Lakin şirkətin qida təhlükəsizliyi ilə bağlı AQTA tərəfindən rəsmi sertifikatının olub-olmadığı sual olaraq qalır.
Maraqlıdır ki, sərnişinlərə qida xidməti göstərən şirkətin fəaliyyəti ilə bağlı bu məsələlər yalnız mediada gündəmə gətirildikdən və AQTA-ya sorğu göndərildikdən sonra araşdırılmağa başlanıb.

















