Toy mövsümünün başlamasına artıq sayılı günlər qalıb.
Məhərrəm ayının başa çatmasının ardından hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq.
Bununla da ənənəvi olaraq toy və digər şənliklərin keçirilməsi üçün münasib hesab olunan dövr başlayacaq.
Hər il olduğu kimi, bu il də avqustun ikinci yarısından etibarən şadlıq saraylarında hərəkətliliyin artacağı, rezervasiyaların sürətlənəcəyi gözlənilir.
Yeni mövsüm üçün sifarişlər hansı səviyyədədir və qiymətlərdə hər hansı dəyişiklik müşahidə olunur?
"Cebheinfo.az" mövcud vəziyyəti öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb.
“Ağ Saray" şadlıq sarayından qeyd edilib ki, hazırda toy bazarında zəifçilikdir:
“Yeni mövsümdə toyların artacağını ümid edirik. Hazırda ciddi sifariş yoxdur. Toy menyularının əsasını təşkil edən ətin qiyməti çox bahadır. Ətin qiymətinin bahalaşması menyu qiymətlərinə təsir edir. Əgər ətin bahalaşması davam etsə, toyların sayı daha da azalacaq".
"Neptun" şadlıq sarayında isə bildirilib ki, şükür, toylar var:
“Amma sıxlıq demək olar ki, yoxdur. Toy edənlərin sayı təxminən 35-40 faiz azalıb. Hər il əvvəlki illə müqayisədə zəiflik hiss olunur. Toy paketlərinin qiymətlərində heç bir dəyişiklik etməmişik. İnşallah, toy mövsümünün gəlişi ilə toyların sayı artar".
"Xarı Bülbül" şadlıq sarayından vurğulanıb ki, menyu qiymətləri sabitdir:
“Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Hələlik qiymətlərdə dəyişiklik edilməsi nəzərdə tutulmur. Toyların sayı da normaldır. Yeni toy mövsümündə təlabatın artacağı gözlənilir".
"Xəmsə" şadlıq sarayından isə toy bazarında zəiflik müşahidə edildiyi qeyd olunub:
“Toy mövsümündə güman edirik təlabat artacaq. Qiymətlərdə dəyişiklik etməyi düşümürük”
"Çıraq" restoranı məhz qiymətlərdə dəyişiklik nəzərdə tutulmadığını bəyan edib:
“Toy paketlərində menyu qiymətləri 55-85 manat arasında dəyişir. Yeni mövsümdə toyların sayının artacağını güman edirik".










