Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış üçün rəsmi 40 manat əvəzinə vətəndaşlardan 60-80 manat alındığı bildirilir. Şikayətçilər deyirlər ki, bundan əlavə, ödədikləri pul üçün ümumiyyətlə qəbz verilmir. Onların fikrincə, bu, yığılan vəsaitin rəsmi uçotdan kənarda saxlanıldığını göstərir.
Sürücülük vəsiqəsi üçün tibbi arayış almağa müraciət edən Cabir Quliyev deyir ki, ondan da rəsmi məbləğdən artıq pul tələb olunub:
“Dedilər ki, rüsum 60 manatdır. Mən də bildirdim ki, rəsmi qiymət 40 manatdır. Cavab verdilər ki, ‘qayda belədir, hara istəyirsən get şikayət elə’. Məcbur qalıb pulu ödədim, amma qəbz istəyəndə müxtəlif bəhanələrlə yayındırdılar. Açıq görünür ki, artıq alınan 20 manat sistemə getmir”.
İşə qəbul üçün tibbi arayış alan Seyid Əhmədov da eyni halla qarşılaşdığını bildirir:
“Mən iş üçün arayış alırdım. Açıq şəkildə 80 manat istədilər. Qəbz tələb edəndə dedilər ki, ‘qəbz lazım deyil, belə olur’. Məcbur qalıb pulu verdim. Bu, artıq uzun müddətdir davam edir. Hər gələndən 20 manat artıq alınır, amma heç bir rəsmi sənəd verilmir”.
Şikayətçilər bildirirlər ki, tibbi arayış üçün artıq pul alınması və ödənişə qəbz verilməməsi uzun müddətdir davam edir. Onlar aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və yığılan vəsaitin hara getdiyinə aydınlıq gətirilməsini tələb edirlər.
"Gündəlik Naxçıvan"











