Dünyada universitetlərin akademik azadlığı son on ildə nəzərəçarpacaq dərəcədə zəifləyib.
Yeniavaz.com xəbər verir ki, 2015-ci ildən bəri 50 ölkədə akademik azadlıq səviyyəsi azalıb, cəmi doqquz ölkədə isə irəliləyiş qeydə alınıb.
Bu nəticə “V-Dem” təşkilatının 2025-ci il “Akademik Azadlıq İndeksi”nin nəticələrində əksini tapıb. İndeks universitetlərin və akademiklərin dövlət və institusional müdaxilədən nə dərəcədə azad fəaliyyət göstərə bildiyini qiymətləndirir.
Reytinqə 0,98 balla Çexiya başçılıq edir. İlk beşlikdə Estoniya (0,97), Belçika (0,95) və Sloveniya (0,94) da yer alır. Hesabat göstərir ki, akademik azadlıq baxımından Avropa ölkələri üstünlük təşkil etsə də, Çili və Kosta Rika kimi Latın Amerikası ölkələri də yüksək nəticələr əldə edərək bir çox inkişaf etmiş iqtisadiyyatı geridə qoyub.
Azərbaycan isə 0,09 göstərici ilə akademik azadlığın ən aşağı olduğu ölkələr sırasına daxildir. Son on ildə ölkənin göstəricisi 6% azalıb. Eyni balı toplayan Əfqanıstanla yanaşı qərarlaşan Azərbaycan Çin (0,07), İran (0,06), Belarus (0,06), Türkmənistan (0,06), Şimali Koreya (0,04), Eritreya (0,03), Myanma (0,02) və Nikaraqua (0,02) kimi ölkələrdən bir qədər yüksək nəticə göstərsə də, qlobal reytinqdə aşağı pillələrdə yer alır.
Hesabatda vurğulanır ki, Çin, İran, Myanma və Nikaraqua akademik azadlığın ən ciddi məhdudlaşdırıldığı ölkələr sırasındadır. Məsələn, Çində sinif otaqlarında müşahidə kameraları, tələbə məlumatlandırıcıları və ideoloji nəzarət alimlərin fəaliyyətini məhdudlaşdırır. Nəticədə ölkənin göstəricisi son on ildə 40% geriləyib.
Araşdırmada diqqət çəkən məqamlardan biri də ABŞ ilə bağlıdır. Ölkə hazırda G7 dövlətləri arasında ən aşağı nəticəyə malikdir və 0,40 balla Butan və Taylandla eyni səviyyədə qərarlaşıb. Bildirilir ki, 2025-ci ildə universitet muxtariyyətini məhdudlaşdıran 20 federal tədbir qəbul olunub, minlərlə tədqiqat qrantı dondurulub və ya ləğv edilib. Maliyyələşmənin 35%-ə qədər və ya 32 milyard dollar azalması ali təhsil sisteminə əlavə təzyiq yaradıb.
Hindistanda da akademik azadlıq son illərdə ən kəskin geriləyən göstəricilərdən biri olub. Baş nazir Narendra Modinin hakimiyyəti dövründə dərsliklərin yenilənməsi, tarixi mövzuların yenidən işlənməsi və hökumətin mövqeyinə zidd fikirlər səsləndirən alimlərə təzyiqlərin artdığı qeyd edilir.
Keçmiş SSRİ və qonşu ölkələrin “Akademik Azadlıq İndeksi”ndəki 178 ölkə arasındakı mövqeyi və son 10 ildəki fərq aşağıdakı kimidir:
2-ci yer – Estoniya (mövqeyi dəyişməyib)
6-cı yer – Latviya (4% geriləyib)
50-ci yer – Litva (14% geriləyib)
75-ci yer – Moldova (15% geriləyib)
97-ci yer – Gürcüstan (33% geriləyib)
99-cu yer – Ermənistan (13% geriləyib)
118-ci yer – Qırğızıstan (39% geriləyib)
123-cü yer – Qazaxıstan (40% irəliləyib)
130-cu yer – Ukrayna (49% geriləyib)
135-ci yer – Özbəkistan (428% irəliləyib)
149-cu yer – Rusiya (53% geriləyib)
164-cü yer – Türkiyə (68% geriləyib)
165-ci yer – Azərbaycan (6% geriləyib)
167-ci yer – Tacikistan (3% irəliləyib)
171-ci yer – Belarus (67% geriləyib)
172-ci yer – İran (52% geriləyib)
173-cü yer – Türkmənistan (256% irəliləyib)











