“Güclü Ermənistan” blokunun deputatı Narek Karapetyanın irəli sürdüyü təkliflər absurddur”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik David Stepanyan deyib.
Ekspert müxalif deputatların parlamentdə irəli sürdükləri təkliflər və davranışlarını “klounluq və sirk oyunu” hesab edir.
“Narek Karapetyan sabah Türkiyə bayrağından Ayın çıxarılması üçün də təklif verə bilər”, - o qeyd edib.
Stepanyan hesab edir ki, müxalifət insanların beyinlərini yuyur, absurd iddialar yayır və buna qarşı çıxmaq lazımdır.
Politoloq müxalifətin “Ermənistanı ancaq Rusiya xilas edə bilər” iddiasını da yalan hesab edir: “Putinin bəyanatı onu “xilaskar” kimi görən müxalifət seçicilərini birləşdirdi. Hakimiyyət uğrunda mübarizə aparan oliqarxlar Ermənistanın “Rusiya vilayəti” olmasına səs verdilər”.
Xatırladaq ki, Narek Karapetyan Ermənistan parlamentinin avqustun 3-də keçirilən iclasında azərbaycanlıların ölkə ərazisində on gündən artıq qalmasını və mənzil almasını qadağan etməyi təklif edib. O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak almasının qarşısının alınmasını “vacib” sayıb.












