Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilirb. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
İki ölkə arasında münasibətlərdə diqqətçəkən əsas məqamlardan biri qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirakına verilən yüksək qiymətdir. Xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və həmrəyliyin praktik ifadəsi kimi dəyərləndirilir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilib.
Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisinin xüsusi qeyd olunması təkcə həyata keçirilən sosial layihəyə verilən qiymət deyil. Bu, eyni zamanda, Türk dünyasında qarşılıqlı həmrəyliyin və qardaşlığın real ifadəsi kimi dəyərləndirilir. Müasir standartlara uyğun inşa olunan məktəb bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin də rəmzinə çevrilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinə dost ölkələrin qoşulması həmin ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini də göstərir.
İyulun 31-də Çolpon-Ata şəhərində Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Şuranın iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.
Prezident İlham Əliyev iclasda Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini bildirib. “Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qırğızıstan Prezident Sadır Japarov Şuranın iclasında bildirib ki, Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Qırğızıstan dövlətinin başçısı qeyd edib: “Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazınıb”.
Bu gün Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur. Qırğızıstanın dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanır. “Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll olunmamış heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir”, - deyə o vurğulayıb.
İki ölkə başçısının mətbuata birgə bəyanatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını bildirib. Dövlətimizin başçısı vurğulayıb: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"









