2026-cı ildə Ermənistandan Rusiyaya ixrac olunan konyak və şərabın satışları illik müqayisədə 11-12 faiz azalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Rusiyada Ermənistan konyaklarının pərakəndə satışları 12,2 faiz azalaraq 1,37 milyon dekalitrə düşüb. Konyaklara olan ümumi tələbat strukturunda Ermənistanın payı 20 faiz təşkil edib, bu da 1,7 faiz azalma deməkdir. Şərab satışları isə illik müqayisədə 11,8 faiz azalaraq 239,65 min dekalitr olub.
Alkoqol bazarı üzrə ekspert Sergey Qladışuk bu tendensiyanı Ermənistan məhsullarına qarşı tətbiq edilən məhdudiyyətlərlə izah edib. Onun sözlərinə görə, birbaşa qadağalar az sayda şirkəti əhatə etsə də, Rusiyanın bəzi idxalçı və distribütorları öz təşəbbüsləri ilə Ermənistan alkoqollu məhsulları ilə işləməkdən imtina edirlər. Qeyd edilib edib ki, tədarükün məhdudlaşdırılması ilə bağlı qərar Rusiya şirkətləri tərəfindən ehtiyatların formalaşdırılması və tədarüklərin planlaşdırılmasında daha ehtiyatlı davranmaq zərurəti barədə siqnal kimi qəbul oluna bilər.
“Alkopro” gildiyasının prezidenti Andrey Moskovski Ermənistan konyakının Rusiya bazarında artıq perspektivinin qalmadığını istisna etməyib. Onun fikrincə, yalnız ən məşhur və uzun müddət saxlanılmış “Ararat” və “Noy” markaları bazardakı mövqelərini qoruya biləcəklər. O əlavə edib ki, uzunmüddətli perspektivdə mağaza rəflərində Ermənistan konyakını Gürcüstan, Azərbaycan və Özbəkistandan gətirilən içkilər əvəz edəcək.
İyulun 27-dən etibarən Rusiya daha əvvəl məhdudiyyətlərin tətbiq edilmədiyi Ermənistan süd məhsulları istehsalçılarından məhsul idxalını qadağan edib. Qərarın səbəbi kimi iyulun 14-21-də keçirilən yoxlamaların nəticələri göstərilir. Yoxlamalar zamanı istehsalda yoluxmuş heyvanlardan əldə olunan südün, eləcə də üçüncü ölkələrdən gətirilən xammalın istifadə olunduğu müəyyən edilib.










