Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Habil Ömərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı ilin mart ayında, saat 14:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Habil Ömərzadə yaşadığı ünvanda qardaşının həyat yoldaşı, zərərçəkmiş Təhminə Ömərzadə (adı, soyadı şərtidir) ilə aralarında məişət zəminində mübahisə yaranıb. Bu zaman o, zərərçəkmişə bir dəfə yumruqla zərbə endirib.
İş materiallarında göstərilib ki, zərbə nəticəsində qadının sağ əlinin ikinci barmağında yumşaq toxumaların sirkulyar şişkinlik halında əzilməsi, fluktasiya edən hematoma, ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər yaranıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.
Beləliklə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmənin hazırlıq iclasında Habil Ömərzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdıqlarını, aralarında yaranmış münaqişənin aradan qalxdığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Təhminə Ömərzadə də məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O, dəymiş ziyanın tam ödənildiyini, Habilə qarşı heç bir şikayət və ya tələbinin qalmadığını, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyini bildirib və işə xitam verilməsini xahiş edib.



















