Sosial şəbəkələrdə hüquqi məsələlərin müzakirə olunduğu ayrı-ayrı qruplarda həm də problemli kreditlərdən danışılır. Məlum olur ki, xeyli insan iş yerini itirdiyindən, daha krediti ödəyə bilmir. Bankla danışıqlar da bəhrə vermir. Kreditin məbləği faizlərin hesabına bir az da artır. Problemlər sonradan məhkəməyə yol açır.
Bizimyol.info xəbər verir ki, iyunun 1-nə olan məlumata görə, problemli kreditlərin məbləği 635 milyon manatı keçib. Bir ay əvvəllə müqayisədə 3,45 faiz artım qeydə alınıb. Son bir ildə məbləğ 25, ilin əvvəlindən isə 21,5 faiz çoxalıb.
Qaytarılmayan vəsaitlərin həcminin böyüməsində bir neçə amil vacib rol oynayır. Hesab edirik ki, Azərbaycanda xüsusilə iş yerinin itirilməsi və gəlirlərin azalması özünü göstərir. Sosial şəbəkələrdə yazılanlar da bundan xəbər verir. Rəsmi iş yerlərinin sayının azalmasını Dövlət Statistika Komitəsi də gizlətmir. Əhalinin real gəlirləri artmır. Nominal gəlirlərin hər il 8-10 faiz artması çox şeyi dəyişmir. Çünki qiymətlər daha çox artır. Bu şərtlərlə bank kreditlərini ödəmək mümkünsüzdür.
Beynəlxalq təcrübədə ikinci səbəb kimi həddindən artıq borclanma göstərilir. Bəzən vətəndaşlar yanlış hesablama aparır, çoxsaylı kreditlər burulğanına düşür. Bu amil təkcə bizim ölkəyə xas deyil, başqa dövlətlərdə də müşahidə edilir.
Təminatsız istehlak kreditləri çox populyarlaşıb. Banklar hesab edir ki, dördrəqəmli kredit məbləğləri gələcəkdə ciddi problem yaratmaz. Müştərilər də pulu hər hansı girovsuz əldə etdiklərindən, uzaq gələcək barədə düşünmürlər. Nəticədə problemli kreditlərin ümumi məbləği şişir. Bizdə bu amil də çox diqqət çəkir. Amma burada müştəri məsuliyyətsizliyindən çox, sosial vəziyyətin pisləşməsinə görə ödəmə qabiliyyətinin aşağı düşməsini göstərmək olar.
Sonrakı səbəblər valyuta riskləri və maliyyə savadlılığının aşağı olmasıdır. Devalvasiyanın qaytarılmayan vəsaitlərin həcminin böyüməsində necə böyük rol oynamasını canlı müşahidə etmişik. Maliyyə savadlılığının aşağı olması isə lazımsız risklər ortaya çıxarır.
Problemli kreditlərin böyüməməsinin yolu əhalinin real gəlirlərinin artmasında, yeni iş yerlərinin yaranmasındadır. Başqa ağlabatan vasitələr gözə dəymir.









