“Tacir Şahmalıoğlu nə vaxt konservatoriyaya müraciət edib? Öncə bunu dəqiqləşdirmək lazımdır. Mən 2 ildir ki, Milli Konservatoriyada yoxam. Müraciət edibsə də mənim vaxtımda olmayıb. Əlbəttə ki, müraciət edən sənətkarlar olurdu. Biz özümüz seçim aparırdıq, həmin şəxsin fəaliyyətini, uğurlarını nəzərə alaraq özümüz dəvət edirdik. O ya gələ bilirdi, ya da gələ bilmirdi. Həm də ali məktəbdə dərs demək üçün ali təhsil lazımdır. Bu qanunvericilikdə də belədir. Dərs demək üçün Elm və Təhsil Nazirliyi mütləq magistr təhsili tələb edir”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Siyavuş Kərimi deyib.
O daha sonra bu sahədə də istisnaların olduğunu vurğulayıb:
“Elə görkəmli sənətkarlarımız olub ki, onlar oxuduqları illərdə dərs demək üçün ali təhsil tələb olunmurdu. Məsələn, biz Əlibaba Məmmədov, Ağaxan Abdullayevi dəvət etmişdik. Onların ali təhsili yox idi, amma bu sənətkarlar muğam ifaçılığında zirvələri fəth etmişdilər. Onların dərs demək qabiliyyəti də, haqqı da var idi. Ona görə də biz Arif Babayevlə məsləhətləşirdik, o razılıq verəndən sonra onları dəvət edirdik. Onların görün nə qədər tələbələri üzə çıxdı?” deyə sənətkar bildirib.









