
“Qarabağ münaqişəsi nəticəsində həm Ermənistan, həm də Azərbaycan tərəfindən minlərlə mülki şəxs və hərbçi itkin düşüb. Bu günədək onların böyük bir qisminin taleyi qeyri-müəyyən olaraq qalır. Hazırda sülh prosesinə doğru addımların atıldığı bir vaxtda, itkin düşmüş vətəndaşlar haqqında məlumatların əldə edilməsi xüsusi aktuallıq kəsb edir”.
Bunu Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Ermənistan tərəfinin bu istiqamətdə irəli sürdüyü təşəbbüsün en əhəmiyyətli məqamı vasitəçilər olmadan, hər iki ölkənin qeyri-hökumət və humanitar təşkilatlarının, eləcə də itkin ailələrinin birbaşa əməkdaşlığına zəmin yaratmasıdır: “Bu format yalnız itkinlərin taleyinə aydınlıq gətirmək üçün deyil, eyni zamanda tərəflər arasında etimad mühitinin formalaşması baxımından da müsbət rola malikdir.
Məlumdur ki, hazırda Azərbaycanda və böyük ehtimalla Ermənistanda bu məsələ ilə məşğul olan müvafiq Dövlət Komissiyası fəaliyyət göstərir. Lakin bu platforma daha çox rəsmi qurumlar səviyyəsində təşkil olunub. Məsələnin həllini həm də vətəndaş cəmiyyəti təşəbbüslərinə həvalə etmək daha effektiv nəticələr verə bilər”.
Onun sözlərinə görə, dünya təcrübəsinə nəzər salsaq görərik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, digər dini və ya ictimai-humanitar təşkilatların bu cür münaqişələrdəki vasitəçiliyi hər zaman gözlənilən səmərəni verməyib: “Bunun əvəzinə Kipr adasındakı yunan və türk icmalarının müharibədən sonra məhz mülki təşəbbüslər vasitəsilə çoxlu sayda itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirməsi uğurlu bir nümunədir.
Əlbəttə, belə bir mexanizmin reallaşması müəyyən çərçivələr və şərtlər daxilində mümkündür. Çünki proses dövlət sirri və xüsusi mühafizə olunan məxfi informasiyalarla bağlı olduğundan həssas yanaşma tələb edir.
Bununla belə, hər birimiz arzulayırıq ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı hərbi əməliyyatlarda itkin düşmüş həmvətənlərimizin taleyi tezliklə bəlli olsun. Bu məsələ həm onların ailələri, həm də bütövlükdə Azərbaycan xalqı üçün mənəvi və strateji baxımdan böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycanla birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış ediblər. Onlar bu məqsədlə Həkəri çayı sahilinə ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.
Yerli erməni mediasının məlumatına görə, itkin düşmüş hərbçilərin ailə üzvləri yenidən hökumət binasının qarşısına toplaşaraq hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt veriblər.
İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına dəstək verə bilərlər. O qeyd edib ki, Ermənistan tərəfi ağ bayraqla Həkəri çayına gələrək eyni taleyi yaşayan azərbaycanlı ailələrlə əlaqə yaratmağa hazırdır.
"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", – deyə Qukasyan bildirib.









