"Kinoda mənim qədər işləməyən insanların bu gün hər şeyi var. Fəxri adları da, mükafatları da, pulları da. Təvazökarlıq çox vaxtı çox şeyə mane olur. Heç kimə indiyə qədər gedib deməmişəm ki, mənim filan qohumumu işə düzəlt. Amma mənə nə qədər zəng ediblər, hamısını da işə düzətdirmişəm. Özüm üçün ağız açmamışam. Həmişə məni özləri axtarıb tapıblar, işə götürüblər. Mən qapı döyməmişəm, döymərəm də. Bilmirlər ki, mən varam? Elə şey edə bilmərəm. O günə düşmüşəm ki, 80 yaşımda gedib qapı döyüm deyim ki, mənə niyə ad vermirsiz?! Bu nə deməkdir?!".
Bunu Moderator.az-a açıqlamasında "Yol əhvalatı" filminin Fəridi-aktyor-rejissor Yusif Əlizadə deyib.
O daha sonra bir çox hallarda haqqının tapdandığınl bildirib:
"Kinostudiya üçün iki film çəkmişəm. Mozambikdən iki diplomant gəlmişdi. Ramiz Fətəliyev o vaxt bizdə direktor idi. Çağırıb məndən xahiş etdi ki, "bunlar diplom işi istəyirlər, onlar üçün senari yaz, film çək". Filmin özünü də rejissor kimi çəkdim, senarinin üzərində də işlədim. Həmin film kinostudiyaya fəxri fərman gətirdi. Amma titrlərdə adımı senarist kimi yazmadılar. Ramiz Fətəliyevə dedim ki, rejissorluğu da özüm etmişəm, bunu istəmirəm, heç olmasa senarist kimi orada qeyd edərdilər. Dedi ki, neynirsən, sən rejissorsan, nəyinə lazımdır?! Bizdə Sədrəddin adlı operator var idi. Məndən xahiş etdi ki, kömək elə, filmin senarisini yaz, çəkib bitirək. Getdim senarisini də yazdım, rejissor kimi filmini çəkdim. Titrlərdə nə rejissor kimi yazdı məni, nə də senarist kimi. O vaxt çox qısqanclıqla yanaşırdılar" deyə Yusif Əlizadə deyib.






