Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alim Məmişovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
İttihama görə, Alim Məmişov 12 mart 2026-cı il tarixdə gecə saat 01:55 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən və ailəsi ilə birlikdə yaşadığı mənzilə gəlib. Həmin vaxt həyat yoldaşı Məleykə Məmişova (adı, soyadı şərtidir) onun sərxoş vəziyyətdə olmasını nəzərə alaraq mənzilin qapısını açmaq istəməyib.
Bu səbəbdən ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi aqressiv davranaraq həyat yoldaşına qarşı zor tətbiq etdiyi müəyyən olunub. Belə ki, o, qəsdən qadının sağ qolundan tutaraq dişləyib, daha sonra yumruqla onun sol çiyin nahiyəsinə zərbə endirib.
Hadisə nəticəsində Məleykə Məmişova müxtəlif bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qadının sağ bazunun bayır səthinin hematoması və sıyrıqları, sağ bazunun arxa səthinin qançırları, eləcə də sol bazunun ön səthinin qançırları formasında xəsarətlər yetirilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kateqoriyasına aid edilib.
Beləliklə, Alim Məmişovun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibi kimi qiymətləndirilib.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Alim Məmişov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, baş vermiş hadisəyə görə peşman olduğunu bildirərək arvadı ilə barışdığını qeyd edib. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədə barəsində olan cinayət işi üzrə icraata barətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs Məleykə Məmişova da ifadə verərək həyat yoldaşı ilə barışdığını bildirib. O, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin və ya tələbinin olmadığını, həmçinin ona maddi ziyan dəymədiyini vurğulayıb. Zərərçəkmiş şəxs də məhkəməyə təqdim etdiyi ərizədə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.








