Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı bir neçə gün öncə Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfərin üzvlükdən azad olunmağa dair müraciət etdiyini bildirib.
"Partiyamızın son qurultayından sonra sıravi üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlib. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər üzvlükdən azad olunmağa dair müraciət edib”.
O deyib ki, ərizələr Ədliyyə Nazirliyinə göndərilib və dövlət reyestrində müvafiq qeydlərin aparılması xahiş olunub.
Hazırda proses hansı mərhələdədir? Elçin Ağamalı Fəzail Ağamalı ilə orta yolu tapmaq üçün hansısa addımlar atıbmı?
Modern.az bu sualları Elçin Ağamalıya ünvanlayıb.
Saytımıza açıqlamasında o bildirib ki, hələ ki müraciətlərinə cavab gəlməyib:
"Partiyanın 44 nəfər sıravi üzvünün reyestrdən çıxarılması ilə bağlı Ədliyyə Nazirliyinə ərizələri təqdim etmişik. Müraciətin üzərindən çox zaman keçmədiyinə görə, Ədliyyə Nazirliyi ilə əlaqə saxlamamışam. Nazirlikdən də bizə hələ ki bir xəbər verməyiblər. Bir neçə günə yəqin ki, Ədliyyə Nazirliyi ilə əlaqə quracam. Bundan əvvəlki müraciətlərimizə də hələ ki cavab verilməyib. Cavab gözləyirik".
E.Ağamalı orta yol tapmaq üçün addımlar atdığını, lakin qarşı tərəfin görüşlərdən qaçdığını söyləyib:
"Qarşı tərəflə orta yol tapmaq üçün müəyyən addımlar atdıq. Oturub danışmaq, ümumi razılığa gəlmək üçün vasitəçilərdən də istifadə etdik. Qarşı tərəf həmişə görüşlərdən qaçdı".









