Amerika hakimiyyəti rusiyalı senator, milyarder Süleyman Kərimova məxsus olduğu iddia edilən müsadirə edilmiş “Amadea” yaxtasını hərraca çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, yaxta sentyabrın 10-da hərraca çıxarılacaq.
Hərrac “Amadea”nı Ficidən Kaliforniyanın San Dieqo limanına çatdıran “National Maritime Services” tərəfindən keçiriləcək.
100 metrlik yaxtanın ilkin dəyəri təxminən 325 milyon dollardır. Gəmi üzgüçülük hovuzu, idman zalı və helikopter meydançası ilə təchiz olunub. Yaxtanın kabinləri 16 sərnişin üçün nəzərdə tutulub. Ekipaj üzvlərinin sayı isə 36 nəfərdir.
Hərracda iştirak etmək istəyənlər 10 milyon dollar depozit qoymalıdırlar.
Qeyd edək ki, yaxta 2022-ci ilin aprelində ölkənin eksklüziv iqtisadi zonasına icazəsiz daxil olduqdan sonra Fici hakimiyyəti tərəfindən saxlanılıb. Yerli hüquq-mühafizə orqanları ev sahibinin ilkin olaraq Süleyman Kərimov olduğunu müəyyən edərək, araşdırmaya başlayıb. ABŞ Ədliyyə Nazirliyi Fici məhkəməsi vasitəsilə gəminin həbsini təmin edib və 7 iyun 2022-ci ildə gəminin ölkədən çıxarılması üçün icazə alıb.
Kərimovun köməkçisi isə Qərbin sanksiyaları altında olan senatorun bu yaxtanın sahibi olmadığını bildirib.