Mingəçevirdəki 4 saylı tam orta məktəbin direktoru, fəaliyyətində yol verdiyi hüquq pozuntuları və nöqsanlar əsası ilə ötən il vəzifəsindən azad edilən, ardınca da barəsində mənimsəmə ittihamı ilə cinayət işi başlanan Azər Qazıyev Elm və Təhsil Nazirliyini məhkəməyə verib.
Bizimyol.info xəbər verir ki, Azər Qazıyev büdcə vəsaitlərinin mənimsənilməsi və ya düzgün istifadə olunmaması, o cümlədən işə gəlməyən şəxslərin adlarını texniki işçi kimi göstərib, onlara maaş yazmaqda, məktəbdə sinif rəhbəri kimi bir müəllimin adı rəsmiləşdirildiyi halda, bu funksiyanı tamam fərqli şəxsin (məktəbin təşkilatçısı) həyata keçirməsi kimi hərəkətlərdə ittiham olunurdu. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları - əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarda) vəzifəsindən azad edilib. Daha sonra barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınıb.
Bundan sonra Azər Qazıyev məhkəmədə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia qaldırıb. İddia tələbi isə işinə bərpa olunması və işsiz qaldığı müddətə görə ona ödənilməli maaşın verilməsi olub. O, iddia edir ki, vəzifəsindən azad edilməsi barədə qərar əsassız olub. Onun sözlərinə görə, 1987-ci ildə Mingəçevirdəki 4 saylı məktəbdə rus dili müəllimi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə direktor müavini, 2005-ci ildən isə direktor olub: “Mənimlə bağlı əmrdə göstərilən əsaslar mövcud deyildi. Sadəcə, söz-söhbətə əsaslanırdı. Həmkarlar İttifaqı Komitəsinin protokolu dəyişdirilib. Müəllimlər mənim işdən azad edilməyimi istəməyiblər, etiraz ediblər. Mən 19 il bu məktəbdə direktor olmuşam. Nu müddətdə verilən tapşırıqları vaxtında yerinə yetirmişəm, gənc nəslin təlim-tərbiyəsi, onların vətənpərvər, savadlı böyümələri üçün əlimdən gələni etmişəm”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi isə keçmiş direktorun iddiasının əsassız olduğunu bildirib. Nümayəndə qeyd edib ki, əvvəla, işəbərpa ilə bağlı məhkəməyə şikayət üçün bir aylıq müddət var. Azər Qazıyev isə uzun müddət keçəndən sonra məhkəməyə üz tutub.
Keçmiş direktor isə müddəti ötürməyini əsaslandırarkən bildirib ki, prokurorluqda barəsində gedən araşdırmaların nəticəsini gözləyirdi. Cinayət təqibinə xitam veriləndən sonra məhkəmədə iddia qaldırıb.
Nümayəndə əlavə edib ki, 4 saylı məktəbdə yoxlama zamanı xeyli qanun pozuntuları aşkarlanıb. Texnuki işçilər siyahısında elə adlar olub ki, məktəbdə çalışanlar öz izahatlarında onları tanımadıqlarını bildiriblər: “Yoxlama zamanı aşkar edilmiş nöqsanlarla bağlı işçilərin izahatları alınıb. Aktda qeyd olunan nöqsanlar işçilərin izahatları ilə də təsdiqlənib.
Nümayəndə qeyd edib ki, məhkəmə Azər Qazıyevə bəraət verməyib. Məhkəmə də onun mənimsəmə cinayətini törətməsi nəticəsinə gəlib. Lakin cinayət nəticəsində dövlətə dəymiş ziyanı (26 min 280 manat) və onun 25 faizini (6571 manat) büdcəyə ödədiyinə görə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Nərimanov Rayon Məhkəməsi keçmiş direktorun işə bərpa barədə iddiasını təmin etməyib. O, qərardan apellyasiya şikayəti versə də, bu instansiyada da qərar əleyhinə olub.