Valyuta bazarında təlaş var: Dollar rəsmən ucuzdur, amma tapılmır... - "Dövlət bunu araşdırsın"...
Tarix: 26-02-2016, 09:17 |
Çap et
DİA.AZ: - Az qala hər gün Mərkəzi Bank tərəfindən digər yerli banklarımıza milyonlarla dollar satılır. Rəsmi rəqəmlərdən aydın olur ki, təkcə keçən il 8,8 milyard dollar satılıb. Və bu il də yetərincə böyük məbləğin satışı həyata keçirilib. Bununla yanaşı Dövlət Neft Fondu tərəfindən də satışa yüz milyonlarla dollar çıxarılıb.
Amma yenə də dollar bazarındakı BÖHRAN aradan qalxmayıb.
Bununla bağlı DİA.AZ-a müraciət edən sahibkarlar bildirir ki, hər gün milyonlarla dolların banklara satıldığı elan olunsa da, bu gün onlar nağd dollar ala bilmirlər: "Bankların əksəriyyəti satış həyata keçirmir. Halbuki adları dollar alan banklar sırasında çəkilir".
Sahibkarlardan biri dia-az.site-a açıqlamasında iddia edir ki, kimlərsə sanki dövlətin valyuta ehtiyatını cibinə ötürməklə məşğuldur: "Dövlət bunu araşdırsın. Əgər həqiqətən də o qədər dollar satışa çıxarılıbsa, bunun əks-sədası olmalıdır. Amma bazarda qıtlıq günü-gündən daha da acınacaqlı formada hiss olunur".
Sahibkarların sözlərinə görə, bu da "mart ayında növbəti devalvasiya olacaq" qorxusunu daha da inandırıcı etməkdədir.