Mənzil bazarındakı qiymətlər son illər əhalinin əksər hissəsi üçün tamamilə əlçatmaz olub. Xüsusilə paytaxtdakı evlərlə bağlı bunu demək olar. Metroya yaxın və ya şəhərin əlverişli nöqtələrində ikiotaqlı mənzillərin qiyməti 200 min manatı aşır. Minimum əməkhaqqının 400 manat olduğu ölkədə buna sahib olmaq heç mümkün görünmür.
Bizimyol.info xəbər verir ki, mütəxəssislər Bakıda mənzil sahib olmağın çox populyarlaşması ilə razılaşır. Amma həm də bunun ciddi investisiya alətinə çevrilməsini vurğulayırlar. İqtisadçı Cəfər Mehrəliyev mənzili kirayə verməyin daha təhlükəsiz sərmayə istiqaməti sayıldığını deyir: “İnsanlar üçün başqa investisiya sahələri cəlbedici görünmür. Düzdür, burada böyük qazanc gözlənilmir. Amma faktiki sərmayə məbləğinin itkisi də qeydə alınmır. Pulun kəskin dəyər itirməsi qiymətlərdə əksini tapır. İqtisadiyyatın liberal olmaması da prosesi tətikləyən amillərdəndir. Mənzillər çox bahalaşsa da, insanlar pulunu artırmağın başqa yollarını görmürlər”.
Sosial şəbəkə istifadəçilərinin reaksiyası da mütəxəssisin fikrini dəstəkləyir. Kamran Abdulov yazır ki, bəzi şəxslər paytaxtda xeyli sayda mənzil sahibi olub: “Bir nəfərin 20-30 evi var. Mənzillər eyni adamlarındır. Ölkədə 50-60 min milyonçu var. Axşamlar baxırsan ki, yeni tikililərdə bir blokda mənzillərin heç birində işıq yanmır. Bu qədər təsadüf ola bilməz. Pulu yalnız mənzilə yatırırlar”.
İnsanlar evlərin dəyərindən xeyli baha satıldığını düşünür. Esmira Əliyeva yazır ki, yeni ev almaq arzusunu həyata keçirə bilmir: “Evi dəyişmək istəyirəm, əslində. Qiymətlər dəhşət artıb. Nə dəyişə bilirəm, nə də yenisi ala. Bazar od tutub yanır”.
Emin Səlimov bölgələrdə də eyni mənzərənin olduğunu bildirir. Onun sözlərinə görə, Biləsuvarda ötən əsrin 90-cı illərində tikilmiş binada mənzili 150 min manata satırlar: “Daha Bakıdakı qiymətlərə təəccüblənmirəm”.
Ümumi fikir belədir ki, ölkədə əksəriyyət Bakıda mənzil sahibi olmağa çalışır. Yəni bunu əsas investisiya istiqaməti sayırlar. Üstəlik, mənzil agentləri də qiymətləri süni şəkildə artırmaqda ittiham olunur.

















