“Diplomatik münasibətlər baxımından adama deyərlər: "Sənin nə işinə qalıb başa çatmış bir prosesin külünü eşələməklə?" İran səfiri diplomatik peşənin etikasını pozub”.
“Cebheinfo.az” xəbər verir ki, bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin “Artsax” (Qarabağ) adı ilə təqdim olunan pavilyona baş çəkməsini şərh edərkən deyib.
O bildirib ki, ölkələrin xarici siyasət xəttini ölkənin birinci şəxsi müəyyən edir.
“Bizim ölkədə bunu Prezident, Ermənistanda isə Baş nazir müəyyən edir. Bu baxımdan, Ermənistan Baş nazirinin Azərbaycana münasibətdə mövqeyi, sülh müqaviləsinin bağlanması və bəzi revanşistlərin aranı qızışdırması, o cümlədən İranın bəzi məkrli gedişləri proseslərə təsir etmək gücündə deyil.
Çünki İran Prezidenti Məsud Pezeşkian hazırda Azərbaycanla normal münasibətlər qurur. Eyni zamanda, Azərbaycan da artıq Ermənistana benzin və dizel yanacağı, eləcə də tikinti materialları göndərir.
Azərbaycan müharibə istəmir, sülh istəyir, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmağa çalışır. Buna görə də bu cür mənasız işlər sadəcə vaxt itkisidir".
Politoloq İran səfirinin davranışını diplomatik etika baxımından yolverilməz hesab edib:
“Sən get, 40 milyonluq azərbaycanlının problemi ilə məşğul ol. 70 min nəfər erməni sənə nə verəcək? Öz ölkən bu saat böyük fəlakətlə üz-üzədir. Onu aradan qaldırmaq üçün diplomatik addımlar at. Yoxsa gəlib burada təxminən 70 il əvvəl buralara köçürülmüş ermənilərin təəssübünü çəkirsən”.

















