"Bu postum həm şikayət, həm də Gədəbəyə səyahət planlayan insanlar üçün məlumat xarakteri daşıyır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Lalə Kazımova adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Şikayətim Gədəbəydə güclü reklamı ilə tanınan Turs Su İstirahət Mərkəzi ilə bağlıdır.
Məlumat olaraq bildirim ki, məkana gedən yol kifayət qədər çətindir. Mərkəz iki dağın arasında, çökəklikdə yerləşdiyi üçün Gədəbəyin digər yerlərində hiss etdiyimiz sərin və təmiz hava burada yox idi.
Amma əsas narazılığımız məkanın öz vəziyyəti ilə bağlıdır. Şəkildən də göründüyü kimi mərkəzdə təmirlə bağlı səliqəsizlik idi. Qaldığımız kotteclərin qarşısında bir günlük piknikə gələn insanların avtomobilləri dayanırdı.Avtomobillərdə istədikləri kimi yüksək səsli musiqilər səsləndirirdilər, bundan başqa səhər açılandan piknikə gələnlərin səsi küyü tam bir xaos yaradırdı.
Gigiyena məsələsinə gəldikdə isə otaqda və hamamda hörümçək torları var idi. Restoranda qab-qacaqdan xoşagəlməz qoxu gəlirdi. Çay üçün gətirilən stəkanlarda əvvəlki çayın qalıqları görünürdü, açıq aydın bəlli idi ki yuyulmur, suya vurub gətirirlər qabları. Restoranın qiymətlərinə gəldikdə isə, demək olar ki,məkana görə baha idi. Amma sifariş etdiyimiz yeməklərdən heç birini bəyənmədik, yeyiləsi deyildi və növbəti günlərdə yemək üçün yaxınlıqdakı digər məkanlara getməli olduq. Qısaca çox ağır 2 gün keçirdik.
Əslində həmin vaxt şikayət postu yazmaq fikrim yox idi. Ona görə də hər şeyin şəklini də çəkməmişdim. Amma sonradan bu postu yazmağımın əsas səbəbi problemləri rəhbərliyə bildirdiyimiz zaman bizə olan münasibət oldu.
Narazılıqlarımızı izah etdikdə üzr istəmək və ya problemi qəbul etmək əvəzinə, demək olar ki, hər məsələyə bəraət qazandırmağa çalışıldı. Rəhbərlikdən olduğunu düşündüyüm şəxsin şikayətimə yazdığı rəyi də sizlərlə bölüşürəm.
Qayıdarkən Gədəbəydən olan taksi sürücüsü ilə də bu məsələ barədə söhbət etdik. Sürücü həmin yerin vəziyyətinin illərdir belə olduğunu və gedib-gələn müştərilərdən oxşar narazılıqları eşitdiyini bildirdi. Rəhbərliyin münasibətindən illərdir heç nəyin niyə dəyişmədiyi aydın məsələdir.
Sonda onu da qeyd edim ki, yazdıqlarım bizim yaşadığımız şəxsi təcrübədir. Ola bilər ki, gedib razı qalan insanlar da var. Amma Gədəbəyə, xüsusilə də bu məkana getməyi planlayanlara tövsiyəm odur ki, bizim kimi əvvəlcədən araşdırmadan, yalnız reklamlara aldanaraq qərar verməsinlər.
Hər kəsə xoş istirahətlər..."


















