
Avropa Parlamentinin (AP) deputatı Mika Aaltolanın son paylaşımı diqqət çəkib. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırmaqdan ötrü Avropa İttifaqına (Aİ) üç həftə vaxt verdiyini deyib. Deputatın sözlərinə görə, Ağ Ev rəhbəri onları ölkəsinin Avropadan gedəcəyi ilə hədələyib.
Avropa İttifaqı Ukraynanı kapitulyasiyaya məcbur edə biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Tramp Ukrayna müharibəsinin bitməsini arzulayır:
“Münaqişə iqtisadi və siyasi baxımdan dünyanı çətin vəziyyətə salıb. Ər-Riyadda baş tutan görüşlərdən də aydın oldu ki, ABŞ və Rusiya birgə əməkdaşlıqda maraqlıdırlar. Bir çox ekspertlər Donald Trampı Rusiya Prezidenti Vladimir Putinin əsgəri kimi qiymətləndirirlər. Lakin belə deyil. ABŞ prezidenti başa düşür ki, müharibə uzanarsa, dünyada böyük problemlər yaranacaq”.
Politoloq qeyd edib ki, müharibədə ən çox qazanan ABŞ, ardınca Avropa İttifaqı olub:
“Son zamanlar rəsmi Kiyevə verilən silahların köhnə, istifadə edilmiş, yararsız olduğu bildirilir. Aİ arsenallarını təzələmək məqsədi ilə köhnə texnikalarını Avropaya satdı. Onlar da bunu Ukraynaya göndərdi. Beləliklə, biznes mübadiləsində külli miqdarda maliyyə dövr etməyə başladı. O ki qaldı Trampın təhdidlərinə, Ağ Ev rəhbəri bununla Aİ-ni Ukraynaya dəstək verməkdən çəkindirir. O, kapitulyasiya şərtlərinin qəbul edilməsini istəyir. Ərazisinin 20 faizindən çoxu işğal altında olan rəsmi Kiyev isə bununla barışmalı olacaq. Hazırda müharibə fərqli müstəviyə keçib. Rusiya və Ukrayna əsgərləri vuruşur, amma Qərb və ABŞ qazanır”.