'İran əsl rəngini göstərir' - ABŞ
Tarix: 1-09-2017, 08:36 |
Çap et
Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley avqustun 31-də bildirib ki, İran Fələstinin «Həmas» yaraqlı qruplaşmasıyla əlaqələri yeniləməklə və onlara silah verməklə «əsl rəngini» göstərir.
«Həmas»ın yeni rəhbəri Yahya al-Sinwar bu həftə deyib ki, İran qruplaşmanın hərbi qanadı olan «İzz ad-Din əl-Kassam» briqadasının ən böyük dəstəkçisinə çevrilib və «Həmas»ın İranla əlaqələri «fantastikdir».
Haley Sinwar-ın bəyanatını «sarsıdıcı etiraf» adlandırıb və deyib ki, İranın «Həmas»la əlaqələri BMT-nin İranın silah ixracına qadağasının pozulmasıdır.
«İran əsl rəngini göstərir. İran qərar verməlidir – ya beynəlxalq öhdəliklərinə ciddi əməl edən bir ölkəyə, ya da cihadçı terrorçu təşkilatın liderinə çevrilmək istəyir. İkisi eyni vaxtda mümkün deyil», – Haley deyib.
Birləşmiş Ştatlar «Həmas»ı terror təşkilatı hesab edir. «Həmas» 2008-ci ildən İsraillə üç müharibə aparıb.