SABİQLƏR YENİ VƏZİFƏ DAVASINA ÇIXIBLAR
Tarix: 25-10-2013, 13:53 |
Çap et
KEÇMİŞ DEPUTATLARDAN BİRİ NAZİR MÜAVİNİ OLMAQ ÜÇÜN HƏRƏKƏTƏ KEÇİB
DİA.AZ: - Son günlər yeni kadr təyinatları zərurəti yarandığından vəzifə başına keçmək istəyənlər də hərəkətə keçib. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə bildirir ki, Prezident Administrasiyasının qapılarını yağır edənlər var.
Mənbənin sözlərinə görə, hətta nazir müavini ola bilməsi üçün sabiq deputatlardan biri bir neçə dəfə cəhddə bulunub, müxtəlif istiqamətlərdən xahişlər yollayaraq, özünü nəzərə çarpdırmağa çalışıb.
Onu da xatırladaq ki, bu günlərdə verdiyimiz xəbərlərin birində keçmiş deputatlardan birinin vəzifə başına gətirilmə ehtimallarının yüksək olmasından yazmışdıq. Son məlumatı redaksiyamıza verən mənbə bu barədə dəqiq bilgilər verməsə də, təxmini olaraq söhbətin kimdən getdiyini müəyyənləşdirmək o qədər də çətin deyil.
Bu arada bir başqa qaynaqlardan əldə etdiyimiz xəbərdə isə qeyd olunur ki, artıq sabiq icra başçılarından birinin yenidən görəvə gətirilməsi üçün «yuxarıların» razılığı da alınıb. Mənbənin söylədikləri: «Hələlik qəti qərar verilməsə də, bu yöndə ilkin razılıq var. Və yaxın günlərdə bu barədə verilən qərardan hər kəs xəbər tutacaq. Həmin şəxsin kimliyinə gəlincə isə, yalnız bir məsələni qeyd etmək olar: Kifayət qədər səs-küylü adamdır».