Özbəkistan Qırğızıstana yanacaq tədarük edə biləcək mümkün ölkələrdən biri kimi nəzərdən keçirilir. Respublikanın hər ay 20 min tona qədər yanacaq məhsulu ixrac etmək imkanı var.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev bildirib.
Hökumət başçısı qeyd edib ki, bununla bağlı Özbəkistan Baş naziri Abdulla Aripovla danışıqlar aparılıb.
Yerli medianın yazdığına görə, Qırğızıstan ölkənin yanacaq tələbatının 90 faizdən çoxunu idxal hesabına təmin edir. Rusiyadan yanacaq tədarükü imkanlarının azalması fonunda Bişkek Özbəkistan, Belarus, Çin və Azərbaycan da daxil olmaqla, alternativ təchizatçılar axtarır. Hələlik müqavilənin bağlanması və Özbəkistandan tədarükün başlanacağı ehtimal olunan tarix barədə məlumat verilməyib.











