“Bu insanlar özlərində bir balaca qığılcım görən kimi əyilirlər pul tərəfə”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Bu şəhərdə”nin aktyoru, Əməkdar artist Coşqun Rəhimov “Günaydın Azərbaycan” verilişində deyib.
İstedadlı gənclərin olduğunu, lakin onların sənətdən öncə pul dalınca qaçdıqlarını təəssüf hissi ilə bildirən aktyor gənc həmkarlarına səslənib:
“İstedadlı gənclər var, amma yolu düzgün getmək lazımdır. Gərək, sənətini, peşəni püxtələşdirəsən, sonra pulun dalınca gedəsən. Bu insanlar özlərində bir balaca qığılcım görən kimi əyilirlər pul tərəfə. Onda da məhvə doğru gedirlər. Mən tövsiyə edərdim ki, birinci püxtələşsinlər, sonra pulun haqqında fikirləşsinlər. Pul onsuz da özü gələcək”.