Keçən günlərdə DİA-AZ" olaraq tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlıya istinadən olduqca maraqlı bir məlumatı təqdim etmişdik. Aydın olurdu ki, neftçilərdən birinin yolladığı fotodəlillərlə yanaşı, müraciətində “Neft Daşları” NQÇİ-nin idman zalının avadanlıqları"yoxa çıxıb". Daha dəqiqi, rəhbərlik tərəfindən mənimsənilir.
Düşünülürdü ki, bu məlumat ictimailəşdikdən sonra müsbət yöndə hansısa addım atılacaq. Amma sən saydığını say, gör "Azneft"dəki əmilər nə sayır...
Məsələ ilə bağlı NHMT sədri Mirvari Qəhrəmanlının son paylaşımını təqdim edirik:
" "Azneft" İB Neft Daşlarında "hərci-mərci" işlər davam edir... "Get kimə istəyirsən şikayət et...
Avadanlığın yerini soruşdular, bütün avadanlıq zal qarışıq yoxa çıxdı!..
İşçilər soruşur ki, "nooldu a müdir"?
SOCAR Azneft İB Neft Daşları NQÇİ -nin idman zalı ilə əlaqədar yazılmış məlumatdan sonra Rəislər hirsləndi və İdman zalını bağlatdı! Və İdman zalına da SOCAR -n məşhur "sağlamlaşdırma" siyasəti tədbiq olundu , yəni onlar sadəcə olaraq 01 sentyabrdan etibarən təmir işləri bəhanəsi ilə zalı bağladılar. Amma təmir işləri başlanmadı, üstəlik, qalan avadanlıqlar da yoxa çıxdı (görəsən kimin otağında, yaxud kabinetindədir?). "Qəzalı" vəziyyətdən əvvəl bir neçə köhnə ştanq və bir neçə qantel var idi, amma indi biz hətta bundan da məhrumuq.


Ən azından təmirdən əvvəl, əgər bunu planlaşdırırdılarsa, məşqlər üçün kiçik bir yer ayırmalı idilər. Amma bunu da etmədilər. Sadəcə qapıları bağladılar və təmir işlərini qeyd etdilər. Yəni heç demə zalın yerləşdiyi bina qəzalı vəziyyətdə imiş...


Və yəqin ki, məhz buna görə də “Neft Daşları” NQÇİ-nin əməyin mühafizəsi və təhlükəsizlik üzrə məsul şəxsi Bəhlul Eyyubov əvvəlcədən idman zalına məxsus bəzi inventar və avadanlıqların qəzalı binada qalmaması üçün öz otağına gətirdi..."























