
Rusiyanın Rostov vilayətindən olan 30 yaşlı fəal Denis Kulanin Gürcüstanı tərk edərək Ermənistana gedib. O, İrəvanın “Zvartnots” hava limanına çatıb.
Moderator.az “Kavkazski uzel” nəşrinə istinadla xəbər verir ki, Kulanin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili tərəfindən əfv edildikdən sonra Tiflisdəki miqrasiya mərkəzinə yerləşdirilib. O, Rusiyaya deportasiya olunacağından ehtiyat edərək quru aclıq aksiyasına başlayıb.
Denis Kulanin 2025-ci il martın 28-də Tiflisdə Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə zərər vurmaq ittihamı ilə saxlanılıb. O, məhkəmədə ittihamı qəbul edib və əməlindən üzr istəyib. Həmin ilin iyununda məhkəmə 12 il müddətinə azadlıqdan məhrum edib.
Kulaninin adı Gürcüstandakı siyasi məhbuslar siyahısına daxil edilib. O, 2026-cı ilin fevralında cəza kamerasına salınmasına etiraz olaraq aclıq aksiyası keçirib.

Avqustun 27-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dini bayram münasibətilə Kulanini əfv edib. Lakin azadlığa buraxıldıqdan sonra o, miqrasiya mərkəzində saxlanılıb və Rusiyaya deportasiya edilə biləcəyi ilə bağlı narahatlıq yaranıb.
Avqustun 29-da Kulaninin Rusiyaya göndərilmək qorxusu və xarici pasportunun harada olması barədə məlumatın verilməməsi səbəbindən quru aclıq aksiyasına başladığı məlum olub. Onun deportasiya məsələsinə avqustun 30-da baxılıb. Fəallar isə Kulaninin Gürcüstandan üçüncü ölkəyə getməsi üçün bilet alıblar.
Sonradan Kulaninin Ermənistana yola düşdüyü və İrəvanın “Zvartnots” hava limanında qarşılandığı bildirilib.
Kulaninin Rusiyada Putin rejiminin türmədə öldürtdüyü müxalif siyasətçi Aleksey Navalnının Rostov-na-Donudakı qərargahının keçmiş könüllüsü olduğu da qeyd edilir. O, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı çıxış edib.
Hüquq müdafiəçiləri Kulaninin Rusiyaya qaytarılacağı təqdirdə siyasi mövqeyinə görə təqib və pis rəftar riski ilə üzləşə biləcəyindən narahatlıq bildiriblər.
























