Azərbaycanın içərisində iki xəttə atəş açmaq istəyənlər var- etnik kimliyə və dini kimliyə.
Türklər buna “nöqtə atəşi” deyirlər. Hədəfi düzgün seçməsən, güllə bir nöqtəyə yox, bütün orqanizmə dəyir.
Birinci Qarabağ savaşı bunu göstərdi - 44 günlük savaş bunu bir daha möhürlədi ki, Azərbaycan vahid orqanizmdir.
Bu ölkənin türkü də, talışı da, ləzgisi də, avarı da, saxuru da, digər xalqları da eyni Vətənin övladlarıdır. Dünən onlar səngərdə çiyin-çiyinə dayandılar. Lazım gələndə eyni torpaq uğrunda birlikdə öləcəklər.
İndi kiminsə oturub türk–talış, türk–ləzgi, türk–başqa etnik qarşıdurması yaratmaq cəhdi təsadüfi deyil. Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir. Belə layihələrin arxasında duranlar isə xalqın marağını yox, kənardan verilən sifarişi yerinə yetirən marionetlərdir.
Bəli, problemlər var. Olacaq da. Amma problem var deyə milləti bir-birinə düşmən etmək olmaz. Problem müzakirə ilə həll edilir, nifrətlə yox.
İkinci atəş nöqtəsi dindir.
İnancı təhqir edənlər, məzhəb davası qızışdıranlar, şiə ilə sünnini üz-üzə qoyanlar, sekulyarla dindarı düşmən etməyə çalışanlar bilməlidir-siz sadəcə dinə toxunmursunuz, dövlətin şah damarını parçalamağa çalışırsınız.
Mən türk olduğum qədər talışam, ləzgiyəm.
Şiə olduğum qədər sünniyəm.
Ateistə də düşmən deyiləm. Onun sualı mənim imanımı sınağa çəkirsə, bəzən imanımı daha dərindən anlamağıma da kömək edir. Allah onlardan da razı olsun.
Hər kəsin inancı özünədir. Hər kəsin düşüncəsi özünədir. Amma heç kimin fərqli kimlikləri bu ölkəyə qarşı silaha çevirməyə haqqı yoxdur.
Bayrağın üç rəngindən ikisinə- türklüyə və İslama qarşı savaş açmaq, açıq danışaq, Azərbaycanı öz simvollarından və öz ruhundan vurmaq cəhdidir.
Bu ölkədə kiminsə türklüyü ilə İslamını, İslamı ilə sekulyarlığını, talışlığı ilə türklüyünü qarşı-qarşıya qoymaq haqqı yoxdur.
Siz müzakirə aparmırsınız. Siz fitnə yaradırsınız.
Etnik və dini hissləri qızışdırıb “azad fikir”, “müzakirə”, “tənqid” adı ilə ölkəni parçalamaq istəyirsiniz.
Adını nə qoyursunuz-qoyun. Provokasiyanın adı dəyişmir.
Azərbaycanın damarlarına atəş açmayın.
Çünki bu orqanizmin hər damarında eyni qan dövr edir - AZƏRBAYCAN...
Azər Rəşidoğlu - "DİA-AZ"























