
"Şəhid adını daşa-qayaya yazmaq olmaz deyirsiniz. Razıyam, yazılmasın.
Bəs məktəbə niyə olmaz?
Küçəyə niyə olmaz?
Bağçaya, parka, muzeyə, körpüyə niyə olmaz?.." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində şəhid qardaşı Elyar İslamoğlu qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir: şəhidlərinin adının əbədiləşdirilməsini.
Bu ailələr illərdir övladlarının adının bir küçədə, bir məktəbdə, bir parkda yaşadılmasını gözləyirlər. Cavab isə yoxdur.
Sual yaranır: Şəhidlərə ehtiyac yalnız müharibə zamanı var idi?
Onlar Vətəni qorumaq, torpaqlarımızı azad etmək üçün canlarından keçdilər. Torpaqlar azad edildi, müharibə başa çatdı. Bəs şəhid ailələrinin haqqı, şəhid adlarının əbədiləşdirilməsi niyə hələ də gözləmədədir?
Şəhidin adını yaşatmaq bir ailəyə verilən lütf deyil. Bu şəhidlərimizin qarşısında mənəvi borcdur.
Əgər şəhid adı məktəbə verilmirsə, küçəyə verilmirsə, parka, bağçaya, muzeyə, körpüyə verilmirsə, onda bir sualın cavabı açıq şəkildə verilməlidir:
Şəhidlərin adını konkret olaraq harada və necə yaşatmaq istəyirsiniz?
Şəhid ailələri sonsuz vədlər, ümumi ifadələr və xatirə tədbirləri istəmir. Onlar konkret nəticə istəyirlər.
Müharibə bitib. Torpaqlar azad olunub. Amma şəhidlərin adının yaşadılması məsələsi hələ də həllini tapmayıb.
O zaman soruşmaq haqqımızdır:
❓️Şəhidlərə yalnız müharibə vaxtı ehtiyacımız var idi?
Bu suala cavab verilməlidir.
❓️Və daha bir sual:
Naxçıvanın şəhid ailələri öz şəhidlərinin adının əbədiləşdirilməsi üçün daha neçə il gözləməlidir?
Susmaq bu məsələnin həlli deyil.
Unutmaq isə heç vaxt seçim ola bilməz.
Şəhidlərin adını yaşatmaq xahiş deyil. Bu məsələ yaddaşa, tarixə və şəhid ailələrinə münasibətin göstəricisidir..."























