
“Biz hüquqi dövlətdə yaşayırıq, Azərbaycan Konstitusiyası vətəndaşların fikir və vicdan azadlığını tanıyır. Bu, ölkə qanunları ilə təsbit edilib. Eyni zamanda dini və milli düşmənçiliyin salınması, nifrət çağırışları, zorakarlıq birmənalı olaraq yolverilməzdir. Bugünki vəziyyətin yaranmasına görə “pərdə arxasında” nələr baş verdiyinə nəzər salmaq lazımdır. Sosial şəbəkələrdə əvvəlcə guya “fikir azadlığı” “polemika” adı altında başladılan, sonra isə fiziki qarşıdurmaya çevrilən hadisənin təməlindəki nə ateizmdir, nə də dinin özü”.
Bu fikirləri Sherg.az-a açıqlamasında ilahiyyatçı Hacı Atif İsmayılov bildirdi. “Çevik” ləqəbli şəxsin sosial platforma üzərindən canlı yayım açaraq apardığı dini mövzuda müzakirələrin cəmiyyətin həssas təbəqələri tərəfindən mənfi qarşılanacağı gözlənilən idi. Hadisələrin fiziki təzyiqlə nəticələnməsi isə cəmyyətdəki qarşıdurmanı bir qədər də artırıb.
İlahiyyatçı qeyd etdi ki, bu, çox mühim və eyni zamanda həssas bir məsələdir:
- Məsələyə bir neçə aspektdən baxmaq olar. Ən başlıca bunu bilmək lazımdır ki, ateist olmaq ayrı bir məsələdir, dini tənqid etmək də ayrı bir məsələ. Burada ən böyük problem bəzən dini və ya ateist mövqeyindən istifadə edib cəmiyyətdə qarşıdurma yaratmaq, təhqirlərə yol verməklə insanlarda nifrət hissini gücləndirmək, insanlar arasında parçalanma aparmaqdır. Biz hüquqi dövlətdə yaşayırıq, Azərbaycan Konstitusiyası fikir və vicdan azadlığını tanıyır. Eyni zamanda dini və milli düşmənçiliyin salınması, nifrət çağırışları və zorakarlığın həyata keçirilməsi də birmənalı olaraq yolverilməzdir. Bu gün sosial şəbəkədə baş vermiş hadisələrin təməlində nə ateizm dayanır, nə də din. Onların heç biri deyil. Lakin bəzən bu iki anlayışdan ictimai qarşıdurma yaratmaq və yaxud da cəmiyyət arasında kin, nifrət yaratmaq üçün istifadə edilir, bu iki mövzu qabardılır. Bir haşiyə çıxım, xüsusən bu gün cəmiyyətdə ateizm ideologiyasında olan insanların alt yapısına baxsaq, təbii də elmi düşüncəsi, təfəkkürü, mədəni, savadlı, biliyi ilə seçilən ateistləri çıxmaq şərti ilə, sosial şəbəkələrdə emosiya ilə, təhqiramiz ifadələri işlətməklə təfriqə və parçalanmaya səbəb olan şəxslərin əksəriyyətinin həyatlarında böyük bir travma yaşadıqları məlum olar. Bu travmanı həm ailə daxilində ala bilər, həm cəmiyyət içərisində, həm yaşadığı və yaxud da ki işlədiyi sahədə ala bilər. Buna görə bəzən bu şəxslərdə bir psixoloji çöküş yaranır və bütün günahı da dində görməyə başlayırlar. Baxın, sosial şəbəkələrdə dini cəmiyyətin bütün problemlərinin səbəbi kimi göstərmək tendensiyası, yaxud da ki, bütün dindarların geridə qalmış, fanatik, mövhumatçı, təhlükəli şəxs kimi təqdim olunması tendensiyası formalaşdırmağa çalışırlar. Yaxud da əksinə, bütün ateistlər mənəviyyatsız və yaxud da ki, din düşməni kimi göstərilir. Bu kimi məsələlər sosial şəbəkələrdə həddən artıq qabarıq şəkildə təqdim olunur, istər dini inanclı insanlar tərəfindən, istərsə də ateist düşüncəli insanlar tərəfindən. Bu da təhqirlə, emosional provokasiya ilə insanların qarşı-qarşıya gəlməsinə səbəb olur. Hər iki tərəfin ən radikal nümayəndələri sosial şəbəkələrdə çıxış edir. Yenə qeyd edirəm, problem nə ateizmin özündədir, nə də dinin özündə. Problem həmin bu kimi mövzularda çıxış edən insanların psixoloji durumunda, ruh halındadır.
H.Atif İsmayılov qeyd etdi ki, cəmiyyətdə qarşıdurma yaranmasının arxasında məkrli quvvələrin dayana biləcəyini istisna etmədi:
- Belə deyək, əgər bir elm adamı, alim, din xadimi açıq və aydın şəkildə, normal bir diskussiya aparırsa, fikrini ədəb-ərkanla bildirirsə, təhqirə yol vermirsə, bunun arxasında hansısa qüvvənin, təşkilatın dayandığını axtarmağa ehtiyac yoxdur. Çünki, insan sivil şəkildə çıxır, hər hansı bir məsələ ətrafında danışır, yanlış gördüyünü argümetlərlə, məntiqi şəkildə, heç bir təəssübkeşlik olmadan bildirirsə, bu, qəbul olunandır. Lakin şəxsin çıxışlarında açıq təhqir, alternativ fikrə dözümsüzlük, açıq-aşkar təəssüübkeşlik, milli-mənəvi-dini dəyərləri aşağılamaq cəhdi varsa, bəli, burada təbii ki, vəziyyət dəyişir. Və cəmiyyətdə birlik, bərabərliyin qorunmasına deyil, təfriqə salınmasına xidmət edən çıxışlar, paylaşımlarda kimlərnsə maraqlı olduğunu düşünməyə şübhə yaranır. Deyək ki, bu təkcə xarici qüvvələrin marağındadır, vəziyyətin real ciddiliyini azaltmış olarıq. Daxildə də bəzi qeyd etdiyim kimi dini problem kimi görən və yaxud da ki, dindarları təhlükə görən şəxsin belə fikirlər formalaşdırması, nəticə etibarilə kütlənin formalaşmasına və bu kütlə tərəfindən də sosial şəbəkələr vasitəsiylə təhqir və zorakılığın təbliğinə rəvac verə bilər. Belə bir vəziyyətin yaranmasına səbəb olan şəxslər xarici məkrli qüvvələr qədər təhlükəlidir.
İlahiyyatçı bildirdi ki, yarana biləcək qarşıdurmadan faydalanan qüvvələri üç qrupa bölmək olar. Birincisi, daxili provokatorlardır ki, onların məqsədi çox vaxt izləmə, populyarlıq və maddi gəlirlərdir. Sosial şəbəkələr bu cür insanlar üçün rahat məkandır. Çünki sosial şəbəkələrdə adətən sakit və balanslı, cəmiyyətdə sabitliyə, həmrəyliyə xidmət edəcək mövzular yox, qəzəb və təhqir, qarşıdurma yaradan mövzular önə çıxır. İkinci qrup ideoloji radikallardır ki onlar həm dini, həm də qeyri-dini tərəfdə ola bilər. Onların məqsədi də sivil dialoq deyil. Onlar yaranmış situasiyadan bəhrələnənlərdir. Üçüncüsü, rəqabət aparan müəyyən siyasi dairələrdir. Onlar dini və milli həssaslıqdan istifadə etməyə çalışa bilərlər. Bu cür hallar cəmiyyət üçün müəyyən təhlükə daşıyır. Əslində, biz cəmiyyət dedik ki, bizim dövlətçilimizə, milli kimliyimizə, cəmiyyətimiz üçün də böyük təhlükəsi var.
İlahiyyatçı ehtimal olunan təhlükələri sadaladı:
- Əgər bu proseslər nəzarətsiz qalarsa, biz bir sıra təhlükələrlə qarşılaşa bilərik; Dindar və dinsiz təbəqələr arasında süni düşmənçilik. Artıq bu tendensiya sosial şəbəkələrdə özünü göstərməkdədir, vətəndaşlar arasında süni şəkildə düşmənçilik yaradılır. Bu, milli mənəvi dəyərlərimizə də, eyni zamanda dövlətçiliyimiz üçün də böyük təhlükə yarada bilər. İkincisi, gənc nəsil arasında ideoloji qarşıdurmanın yaranmasına səbəb ola bilər. Dini kimlik üzərindən tənqidin deyil, təhqirin normallaşması, adiləşməsi heç də məqbul deyil. İstər dini kimliyə mənsub insanlar olsun, istərsə dinsiz kimliyini özündə ehtiva edən insanlar olsun. Təhqir hallarının normallaşması, cəmiyyətdə süni təbəqələşməyə və qarşıdurmaya gətirib çıxarar. Eyni zamanda gənclərin radikal qruplara və yaxud da ki, aqresiv ideoloji dairələrə yönəlməsi ümumən cəmiyyətimiz üçün böyük təhlükə yaradar. Parçalanmaq milli mənəvi dəyərlərimizə də, dövlətçiliyimizə ziddir. Dünyəvi dövlətdə azad fikirlilik, yaxud da hər hansı bir etiqada, əqidəyə sahib olmaq düşmənçiliklə nəticələnməməlidir. Sosial şəbəkələrdə, xüsusən də TikTok deyilən platformada baxıb görürük ki, bəli, həqiqətən də süni bir qarşıdurma formalaşdırılıb və bu din və dinsizlik münaqişəsi kimi görünür artıq, bu çox bir təhlükəli bir məsələdir.
Belə bir gözəl deyim var, bununla da sözümü bitirim. Soruşurlar, insanlar arasında birlik, bərabərlik, vəhdət nə zaman yaranır? Cavabı budur: dini, milli, irqi kimliyindən asılı olmayaraq vəhdət o zaman yaranır ki birinin digəriylə ixtilaf etdiyi məsələdə qarşılıqlı hörmət və ehtiram gözlənilsin.
























