"9 avqust 2026-cı il tarixindən etibarən M10 hesabım bloklanıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Fərid Rüstəmov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Hesabımın bloklanmasının səbəbi kimi araşdırma aparıldığı bildirilib.
Mən isə M10 tərəfindən tələb olunan məlumat və sənədləri vaxtında təqdim etmişəm.
Buna baxmayaraq, bu günə qədər hesabımın taleyi ilə bağlı mənə konkret və əsaslandırılmış məlumat təqdim edilməyib. Dəfələrlə M10 dəstək xidməti ilə əlaqə saxlamışam. Hər dəfə məsələnin “araşdırıldığı”, gözləməli olduğum bildirilib. Lakin araşdırmanın hansı mərhələdə olduğu, nə üçün bu qədər uzandığı və nə vaxt yekunlaşacağı barədə aydın cavab verilmir.Tələb olunan məlumatları təqdim etməyimə baxmayaraq, hələ də məsələnin nəticəsi barədə konkret məlumat verilmir.
Mən M10-dan xüsusi imtiyaz tələb etmirəm. Sadəcə hesabımın yoxlanılması ilə bağlı prosesin şəffaf şəkildə izah edilməsini, araşdırmanın nəticəsinin mənə bildirilməsini və hesabımdakı şəxsi vəsaitimlə bağlı vəziyyətin konkret şəkildə açıqlanmasını tələb edirəm.
M10 rəhbərliyindən xahişim: • Hesabımın bloklanmasının konkret səbəbi açıqlansın; •
Araşdırmanın hansı mərhələdə olduğu bildirilsin;
• Tələb olunan bütün məlumatları təqdim etdiyim halda prosesin nə üçün uzandığı izah edilsin;
• Hesabımın nə zaman aktivləşdiriləcəyi barədə konkret məlumat verilsin; •
Hesabın açılması mümkün deyilsə, bunun hüquqi və əsaslandırılmış səbəbi mənə bildirilsin; •
Hesabımda olan vəsaitin taleyi barədə rəsmi məlumat təqdim edilsin.
9 avqustdan bu günə qədər kifayət qədər vaxt keçib. Müştərinin bütün tələb olunan məlumatları təqdim etdiyi halda yalnız “araşdırılır” cavabı ilə qeyri-müəyyən müddət gözlədilməsi qənaətbəxş deyil.
M10, zəhmət olmasa, bu müraciətə rəsmi və konkret cavab verəsiniz. Məsələnin artıq sosial şəbəkədə açıq şəkildə gündəmə gətirilməsinin səbəbi dəfələrlə müraciət etməyimə baxmayaraq problemin həll olunmamasıdır.
Ümid edirəm ki, məsələ əlavə gecikmə olmadan araşdırılacaq və hesabım ilə bağlı konkret qərar mənə təqdim ediləcək..."









