
Ermənistan Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya ilə nəqliyyat əlaqələri yaratmaq istəyir və bu məqsədlə ən azı iki ölkəyə – Qazaxıstan və Qırğızıstana TRIPP layihəsinə qoşulmağı təklif edir. Hələlik Astana və Bişkek bu cür təklif aldıqlarını rəsmi olaraq təsdiqləməyiblər və ümumiyyətlə, TRIPP layihəsinə qoşulma ehtimalını şərh etmirlər.
KONKRET.az xəbər verir ki, Ermənistan ilə ABŞ arasında TRIPP layihəsi üzrə imzalanmış ikitərəfli sənədin şərtlərinə əsasən, üçüncü ölkələrin bu layihədə iştirakı yalnız hər iki tərəfin razılığı ilə mümkündür. Bundan əvvəl Rusiya müxtəlif səviyyələrdə bu layihəyə qoşulmaqda maraqlı olduğunu bildirmişdi, lakin İrəvan bu fikrə yumşaq desək, soyuq yanaşmış və onu dəstəkləməmişdi. Eyni zamanda, ABŞ da Rusiyanın TRIPP layihəsində iştirakında maraqlı deyil, çünki layihənin mahiyyəti etibarilə ABŞ-nin bölgədəki mövcudluğunu gücləndirməyə və Moskvanın təsirini zəiflətməyə yönəlib. Məlumdur ki, Bakını Naxçıvanla birləşdirən planlaşdırılan dəhliz həm də Rusiyanı və İranı yan keçməklə şərqdən qərbə yeni ticarət arteriyası açacaq.
Bununla belə, ABŞ Mərkəzi Asiya ölkələrinin, xüsusilə Qazaxıstan və Qırğızıstanın TRIPP layihəsində iştirakına etiraz etməyəcək, çünki bu bölgə ilə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi Tramp administrasiyasının prioritetlərindən biridir. Qırğızıstan və Qazaxıstanın TRIPP-də iştirakı həm də Azərbaycanın maraqlarına cavab verir, çünki bu ölkələr Bakının mühüm strateji tərəfdaşları və müttəfiqləridir.
Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 27-də təsdiqləyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə son telefon danışığı zamanı bu ölkənin TRIPP layihəsində iştirak imkanları müzakirə olunub. “Biz Qazaxıstan və TRIPP layihəsi ilə bağlı bu məsələni müzakirə etdik. İndi müxtəlif ölkələr maraq göstərirlər”, – deyə Paşinyan təfərrüata varmadan bildirib.
Qeyd etmək lazımdır ki, Tokayevlə Paşinyan arasında telefon danışığı avqustun 24-də baş tutub. Danışıq zamanı Paşinyan Qazaxıstana TRIPP-in səhmdarı olmağı təklif edib və Ermənistanın layihədəki payının 5 faizini bu ölkəyə verməyə hazır olduğunu bildirib. Nəşrin məlumatına görə, Paşinyan Ermənistanın layihədəki payından daha 5 faizi Qırğızıstana təklif edib.
Söhbət zamanı Paşinyan və Tokayev həmçinin Ermənistan dəmir yollarının idarə edilməsinin qazax tərəfinə ötürülməsi mövzusuna toxunublar. Astana İrəvan tərəfindən bu sahədə Rusiyanın potensial “varisi” kimi nəzərdən keçirilir. Daha əvvəl baş nazir parlamentdə bəyan etmişdi ki, Ermənistanın dəmir yolu konsessiyası üçün 400 milyon dollar ödəməyə hazır olan investorlar mövcuddur.
Qazaxıstan açıq şəkildə TRIPP layihəsinə maraq nümayiş etdirib və bu yay Prezident Tokayevin ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Ari Laytstoun ilə görüşü zamanı da bu layihə və Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Oktyabr ayında Tokayevin İrəvana səfəri gözlənilir və çox güman ki, Ermənistan paytaxtında Qazaxıstanın TRIPP layihəsində iştirakı məsələsi müzakirə olunacaq.
Məlum olduğu kimi, Ermənistanın Azərbaycandakı Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyaya və Türkiyəyə çıxışı onun dəmir yollarının Rusiyanın nəzarəti altında olması səbəbindən çətinləşib. Beynəlxalq investorlar və daşıyıcılar təkrar sanksiyalardan qorxaraq, indi Rusiya Dəmir Yollarının (RZD) nəzarətində olan mövcud Erasx (Arazdəyən) – Axurik sahəsindən yan keçməyə çalışırlar. Qazaxıstan operatorunun gəlişi Ermənistana logistika gəlirlərinin itirilməsinin qarşısını almağa imkan verəcək.
Qırğızıstanın TRIPP layihəsində mümkün iştirakına gelsək, bu ölkənin nümayəndələri layihənin Avropa ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar aça biləcəyini bəyan edirlər.
“Bizim dəmir yolumuz Bakıya çatacaq ki, bu da bizə Türkiyəyə birbaşa marşrut açacaq… Bu, yeni imkandır”, – deyə Qırğızıstanın ABŞ-dəki səfiri Edil Baysalov “Azadlıq Radiosu”nun qırğız xidmətinə müsahibəsində bildirib. Buna baxmayaraq, qırğız məmur Daniyar Amangəldiyev hökumətin hələ ki rəsmi təklif almadığını bildirib.
Hazırda nəqliyyat infrastrukturu baxımından Qırğızıstan Mərkəzi Asiyanın ən təcrid olunmuş ölkəsidir, lakin tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu bu ölkəyə Xəzər dənizinə çıxış təmin edəcək. Çindən yüklər bu marşrutla Türkmənistana, ordan isə Azərbaycana daşınacaq.
Bununla belə, nə Bişkek, nə də Astana TRIPP-də iştiraklarını rəsmi olaraq təsdiqləməyiblər. Qırğız politoloq Emilbək Jurayev bildirib ki, hər iki ölkə “təəccüblü şəkildə səssizlik nümayiş etdirir”.
“Hər iki ölkə ABŞ ilə müsbət əməkdaşlıq etsə də, onların ŞMT-dəki tərəfdaşları – xüsusilə İran, eləcə də Rusiya TRIPP-i alqışlamırlar və buna görə də onlar yəqin ki, bu fürsətdən istifadə etməyə tərəddüd edirlər”, – deyə Jurayev qeyd edib.
O əlavə edib ki, Moskvanın Paşinyan hökuməti ilə getdikcə gərginləşən münasibətləri nəzərə alınarsa, Rusiya ehtimal ki, onların ehtiyatlı davranmasını izah edən əsas amildir.
“Rusiyanın bu məsələdə daha böyük marağı var, çünki onun Ermənistandakı təsiri zəifləyir və buna görə də Rusiya Qazaxıstan və Qırğızıstanın TRIPP-ə qoşulmasını alqışlamayacaq”, – deyə o bildirib.
Qeyd etmək lazımdır ki, Ermənistan Mərkəzi Asiyanın digər bir ölkəsi – Türkmənistanla əlaqələri inkişaf etdirməyə çalışır. Bu yaxınlarda Paşinyan Türkmənistan Prezidenti Sərdar Bərdiməhəmmədovla telefon danışığı aparıb və onu İrəvana səfərə dəvət edib.
Ermənistanın Mərkəzi Asiyaya çıxış əldə etmək şansı məhz Azərbaycanla sülh prosesi sayəsində yaranıb və İrəvan bu şansı əldən verməməyə çalışır. Lakin Rusiya ilə mövcud problemlər fonunda İrəvanın Asiya və Avropa arasında ticarətdə iştirak etmək iddiası hələ də sual altındadır. (Haqqin.az)
























