
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən şəxs Zakir Həmidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, Zakir Həmidov Abşeron rayonu ərazisində yerləşən MMC-lərin birində günəmuzd fəhlə işləyib. Həmin şirkətin anbarında gündəlik işə çıxan fəhlələrin siyahısının hazırlanmasını eyni MMC-də fəhlə işləyən zərərçəkmiş E.İbrahimov təşkil edib.
Zərərçəkmiş təqsirləndirilən şəxsin adını hər gün işə çıxacaq fəhlələrin siyahısına daxil etməyib. Zakir Həmidov bunu cüzi səbəb hesab edərək E.İbrahimovdan qisas almaq qərarına gəlib.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs 2025-ci ildə saat 21:30 radələrində şəxsiyyətləri istintaqla müəyyən edilməyən Vahid və Əmrah adlı şəxslərlə birlikdə E.İbrahimovu Bakı-Sumqayıt şosesinin Abşeron rayonu ərazisindən keçən hissəsində, həmin şirkətinin qarşısına görüşə çağırıb. Görüş zamanı Zakir Həmidov və onunla birlikdə olan şəxslər ictimai qaydanı kobud şəkildə pozaraq zərərçəkmişə hücum ediblər.
İstintaqın versiyasına görə, Vahid E.İbrahimovun ağız nahiyəsinə yumruqla zərbə endirib və onu yerə yıxıb. Bundan sonra təqsirləndirilən şəxs, Vahid və Əmrah adlı şəxslər birlikdə zərərçəkmişi yumruq və təpiklərlə baş və bədəninin müxtəlif nahiyələrindən vurublar. Vahid adlı şəxs üzərində gəzdirdiyi cib bıçağı ilə E.İbrahimovun sol döş qəfəsinə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin müxtəlif bədən nahiyələrində xəsarətlər yaranıb.
İstintaq hesab edib ki, Zakir Həmidov və digər şəxslər heç bir əsaslı səbəb olmadan zor tətbiq etməklə ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdiriblər.
Bu hərəkətlər Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq törətmə kimi tövsif edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Zakir Həmidov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
























