İran Çin “qağasının” tələbilə öz səhvini “düzəltməyə” çalışır
Ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı zirvə toplantısında Çin lideri Si Cinpinin İranlı həmkarı Məsud Pezeşkiyanla geniş miqyaslı görüşdən imtina etdiyini və onunla sadəcə “atüstü” görüşdüyünü şərh edərkən bildirmişdim ki, bu, böyük ehtimalla Pekinin Tehrana mesajıdır. Si Cinpin bu addımı ilə İrana çatdırmışdı ki, sizin Hörmüz boğazında tətbiq etdiyiniz məhdudiyyət ABŞ-dan çox, mənə zərər verir. Qurtar bu düşmən dəyirmanına su tökməkliyini!
İddialara görə, Pekin daha əvvəl də bu barədə Tehrana dəfələrlə irad bildirməsinə baxmayaraq, İran yetkililəri inadlarından əl çəkməmişlər. Si Cinpin isə bu məsələdə nə qədər ciddi olduqlarını diqqətə çatdırmaq üçün İran prezidenti ilə “atüstü” söhbətlə kifayətlənmişdi.
Bu gün dünya mediasında dərc olunan bəzi məlumatlar sözügedən ehtimalı gücləndirir. İlk məlumata görə, ABŞ donanması İranın Hörmüz boğazına yerləşdirdiyi bütün minaları təmizləyib. Financial Times xəbər verir ki, təsirsiz hala gətirilən minaların sayı 80 ədəd civarında imiş.
Qeyd edim ki, bir neçə gün bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Admiral Bred Kuper də bu faktı təsdiqləyən açıqlama verərək demişdi: "Biz boğazdakı beynəlxalq gəmiçilik zolaqlarını İran İnqilab Keşikçiləri Korpusu tərəfindən aylar əvvəl döşənmiş dəniz minalarından uğurla təmizlədik. Bu zolaqlar artıq ABŞ ordusunun fövqəladə səyləri sayəsində İran dəniz minalarından azaddır."
Üzərindən bir müddət keçəndən sonra Böyük Britaniyanın ən ciddi media qurumlarından sayılan “Financial Times”a inansaq, ABŞ donanması Hörmüzdəki minaları çox asan yolla zərərsizləşdirib: ABŞ Hərbi Dəniz Qüvvələri robot qayıqlar və sualtı nəqliyyat vasitələrinin köməyi ilə minaların yerini müəyyənləşdirib. Əməliyyatın ən təhlükəli mərhələsi isə bundan sonra başlayıb; dalğıclar suya enib, minalara partlayıcı maddələr yaxınlaşdırıblar. Sonra isə onu partladaraq məhv ediblər. Sözsüz ki, 80 ədəd mina İran SEPAH-ının gözləri önündə göyə sovrulub, onlar isə bunu seyr etməklə kifayətləniblər.
Təqaüddə olan ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Bill Hamblet də bu məlumatı təsdiqləyib.
İran rəsmiləri bu məlumatı təkzib etsələr də, bir müddət əvvəl yaşanan bəzi hadisələr iddianın doğru ola biləcəyi ehtimalını ağla gətirir. Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ Hörmüz boğazında iki raket qurğusunu vuraraq atəşkəsi pozmuşdu. Hücumun səbəbini isə bununla əsaslandırmışdı ki, həmin qurğular Hörmüz boğazına mina atmaqla məşğul idilər, biz də onları vuraraq boğazın minalanmasının qarşısını aldıq. Maraqlıdır ki, İran da bu məlumatı yalanlamamış, əksinə bu kimi tədbirlərlə onun qarşısının alınmayacağını bildirərək bir növ doğrulamışdı. Odur ki, belə bir sual ortaya çıxır: əgər həqiqətən də İran haqlıdırsa, ABŞ Hörmüz boğazındakı minaları məhv etməyibsə, onda İran niyə həmin ərazini yenidən minalamaq zəhmətinə qatlanır?
Diqqəti cəlb edən digər bir məlumat isə bu gün Livandan gəlib. Bildirildiyinə görə, Hizbullah strateji əhəmiyyətli "Əli əl-Tahir" təpələrini boşaldaraq, İsrailə buraxıb. Halbuki, əldə olunan razılaşmalara görə, bu təpələr Livan ordusuna təhvil verilməli və İsraillə danışıqlarda rəsmi Beyrutun əlini gücləndirən əsas kozırlardan biri olmalı idi. Hizbullah isə nədənsə bu təpələri düşmənə təhvil verməyi daha uyğun bilib.
Bir çox analitiklər bunu müxtəlif səbəblərlə izah edirlər. Bəzilərinin fikrincə, Hizbullah bu yolu tutaraq Litani çayının şimalındakı qüvvələrini qorumağa çalışıb. Bəziləri də Hizbullahın bu addımla İsraillə birbaşa özünün sözdələşmə fürsəti qazanma marağı ilə izah edirlər. Üçüncü bir versiya da var: Hizbullah ölkə daxili rəqabətdə hazırkı iqtidarı nüfuzdan salmaq üçün onu öz torpağını qoruya bilməyən hakimiyyət imicini formalaşdırmaq istəyir.
Mən isə 4-cü versiyaya inanıram: Hizbullah bu addımı özbaşına ata bilməzdi. Yəqin ki, təslimiyyət çağırışı yuxarı yerlərdən – birbaşa Tehrandan gəlib. Görünür, Si Cinpinin Bişkekdəki iradından sonra İran “səhvini” anlayıb və onu bu cür “düzəltməyə” qərar verib: bir tərəfdən özünün Hörmüzə yerləşdirdiyi bombaları ABŞ-ın partlamasına göz yumub, digər tərəfdən isə illər boyu bəslədiyi proksi qüvvələrinin İsrail tərəfindən tamamilə məhv olunmasına şərait yaradıb.
Başadüşüləndir. Axı İran “binəva” öz proksisini öz əliylə necə məhv edə bilərdi?
Heydər Oğuz - "DİA-AZ"
























